Logo

AzMİU tələbələrinin Zəfər Gününə həsr olunan rəsm sərgisi açılıb - FOTO

08.11.2023 19:03 217 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələrinin Zəfər Gününə həsr olunan rəsm sərgisi açılıb.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgi iştirakçıları əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Sərginin açılışında çıxış edən Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova nümayiş olunan əsərlər haqqında məlumat verib: “Birinci kurs tələbələrinin əl işlərindən ibarət sərgidə 44 rəsm nümayiş olunur. Bunun, bəlkə də, 44 günlük Vətən müharibəsi ilə simvolik əlaqəsi var. Çünki biz o rəsmləri saymamışdıq. Sərgi salonuna düzüləndən sonra təsadüf nəticəsində saydıq və məlum oldu ki, 44 rəsm var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini yaşadan tələbələrimizə uğurlar arzulayır, yaradıcılıqlarında hər zaman vətənpərvərliyi əsas götürməyi tövsiyə edirəm”.

Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə çıxışında sərginin əhəmiyyətinə diqqət çəkib: “Belə sərgilər, layihələr tələbələrin vətənpərvər ruhda yetişməsi, onların gələcəkdə vətənpərvərliyi təbliğ etməsi baxımından müstəsna əhəmiyyətə malikdir”.

Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva çıxışında Zəfər Gününün tarixi əhəmiyyətinə toxunub. Kafedra müdiri bildirib ki, ölkəmiz son 200 ilin ən şanlı dövrünü yaşayır və Azərbaycan gəncliyi bu şanlı dövrə şahid olduğu üçün xoşbəxtdir.

Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov isə sərgidə nümayiş olunan rəsmlərin mövzusundan, rəsmlərdə əks etdirilən Zəfər təfəkküründən danışıb. O tələbələri yaradıcılıq meyillərinin inkişafı üçün Təsviri incəsənət kafedrası ilə daha sıx əməkdaşlığa çağırıb.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib, tələbələr iştirakçılara öz işləri haqqında ətraflı məlumat veriblər.

Xəbər lenti