Logo

Böyük siyasətin Zəfər zirvəsi

09.11.2023 12:46 399 baxış
IMG

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi xalqımızın tarixinin ən parlaq səhifəsidir. Bu qələbə Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin şərəflə davam etdirdiyi böyük siyasətin məntiqi nəticəsidir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də daxili və xarici təsirlər ölkənin inkışafına, müstəqil dövlətin beynəlxalq münasibətlər sisteminə daxil olmasına ciddi maneələr yaradırdı. Ölkədə xalqın maraqlarını ifadə edən, insanları ətrafında birləşdirən və gələcəyə inandıran mərkəzi hakimiyyət yox idi. Mövcud hakimiyyətlə xalq arasındakı uçurum gündən-günə dərinləşirdi.

Ermənistan və onun havadarları bundan hiyləgərliklə istifadə edir, əzəli torpaqlarımızın – Qarabağın və ətraf rayonların işğalını istədiyi kimi həyata keçirirdi. Təcavüzkar ölkə bir tərəfdən hər vəchlə Azərbaycanın güclənməsinə qarşı olan güc mərkəzlərinin və dövlətlərin hərtərəfli dəstəyini alır, digər tərəfdən isə erməni diasporasının geniş imkanlarından istifadə edirdi.

Bütün bunların fonunda ölkədə mərkəzi hakimiyyətin zəifliyi, silahlı qüvvələrin vahid komandanlıq altında olmaması, xarici izolyasiya, beynəlxalq tərəfdaşların və müttəfiqlərinin olmaması Azərbaycanın vəziyyətini daha da ağırlaşdırırdı. Bizim haqq işimizi isə yalnız qardaş Türkiyə dəstəkləyirdi. Amma Türkiyənin də həmin dövrlərdəki problemləri, xüsusilə PKK terror təşkilatı ilə apardığı mübarizə bu dəstəyin tam gücü ilə ifadəsinə mane olurdu. Buna baxmayaraq, Türkiyənin Azərbaycana verdiyi diplomatik dəstək, ən mühümü Ermənistanla sərhədlərini bağlaması düşmənə təsirli zərbə oldu.

Ermənistan xarici dəstək və cəzasızlıq mühitində getdikcə təcavüzkarlığı və əsassız iddialarını artırırdı. Belə bir şəraitdə Azərbaycanın güclü bir siyasi liderə, daha doğrusu, xilaskara ehtiyacı yaranmışdı. Bu xilaskarlıq missiyasını isə yalnız Ümummilli lider, Naxçıvanda müstəqil dövlətçiliyin özüllərini yaradan Heydər Əliyev həyata keçirə bilərdi.

1993-cü ilin iyununda ölkədə kəskin hərbi-siyasi böhran yaşananda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev bütün potensialını ortaya qoyaraq ölkəni böhrandan çıxarmaq və tərəqqi yolu ilə irəli aparmaq üçün tarixi xilaskarlıq missiyasını gerçəkləşdirməyə başladı. Ulu öndər Heydər Əliyev zəngin təcrübəsindən və ilk növbədə, siyasi dühasından, Tanrının bəxş etdiyi fenomenal bacarıqlarından istifadə edərək Azərbaycanın dirçəlməsi, güclənməsi naminə strateji planlarını ustalıqla, məharətlə gerçəkləşdirməyə başladı.

Bu məqamda onu da vurğulamaq lazımdır ki, bütünlüklə müasir Azərbaycanın, eləcə də ordumuzun, elm və təhsilimizin, sənaye sahələrinin möhkəm təməlləri hələ sovet dövründə, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması üçün respublika rəhbəri Heydər Əliyev gərgin mübarizə aparmış, bu ali məqsədinə özünün sarsılmaz iradəsi sayəsində nail ola bilmişdir. Məhz həmin məktəbin məzunları sonralar Azərbaycan Ordusunun zabit heyətinin əsasını təşkil etdilər, Birinci Qarabağ müharibəsində və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində döyüşçüləri qələbəyə aparmaqda həlledici rol oynadılar.

Hakimiyyətə qayıtdıqdan sonra vahid ordu quruculuğu siyasətini uğurla həyata keçirən Ümummilli lider müasir güclü və qalib Azərbaycan Ordusunun sarsılmaz təməllərini formalaşdırdı. Prezident Heydər Əliyevin inkişafımızın iqtisadi təminatı rolunu oynayan neft strategiyası isə Azərbaycan iqtisadiyyatının tərəqqisində bünövrə, məhək daşı oldu. İqtisadiyyatımızın güclənməsi, maliyyə imkanlarımızın artması hərbi mütəxəssislərimizin daha yaxşı təhsil almasına, ordumuzun maddi-texniki bazasının gücləndirlməsinə, silahlı qüvvələrin ən müasir silahlarla təmin olunmasına böyük imkanlar yaratdı. Məhz Ulu öndərin titanik səyləri nəticəsində silahlı qüvvələrimiz əks-hücum əməliyyatları ilə Ermənistan quldur birləşmələrini məğlubiyyətə uğratdı və qarşı tərəf atəşkəs sazişini imzalamağa məcbur edildi.

Xalqına və Azərbaycan Ordusuna güvənən dövlət başçısı Heydər Əliyev bütün çıxışlarında bildirirdi ki, biz nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarımıza qayıdacağıq. Onun bu çıxışları xalqda gələcəyə böyük inam formalaşdırır, bütün çətinliklərə rəğmən tarixi qələbənin əvvəl-axır gerçəkləşəcəyinə möhkəm zəmin yaradırdı. Bu siyasəti peşəkarlıqla, inamla, səbir və təmkinlə davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev illərlə arzusunda olduğumuz tarixi qələbəyə imza atdı, Ulu öndərin Ata vəsiyyətini şərəflə yerinə yetirdi.

Prezident İlham Əliyevin ölkəmizin rifahı üçün neft-qaz amilindən istifadə etməsi, müdrik və gələcəyə hesablanan geosiyasi gedişləri, balanslı siyasət yürütməsi Azərbaycanın hərtərəfli qüdrətlənməsini şərtləndirdi. Azərbaycan əldə etdiyi gəlirlərlə ordusunu müasir silahlarla təmin etdi, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atdı. Bütün bunlar qələbəyə gedən yolumuzu günbəgün yaxınlaşdırdı.

Azərbaycanın düşmən üzərində tarixi qələbəsində, əlbəttə, qardaş Türkiyə ilə dostluq, qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri ilə dövlətlərarası müttəfiqlik münasibətlərinin dayanmadan inkişaf etdirilməsi mühüm rol oynadı. Xüsusilə, Qarabağın xilası uğrunda Vətən müharibəsi günlərində qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi-siyasi dəstəyi xalqımız hər zaman sonsuz ehtiramla, minnətdarlıqla xatırlayacaqdır.

Azərbaycan Ordusunun Türkiyə təcrübəsi əsasında müasir strandartlarla formalaşdırlması, zabitlərimizin Türkiyə hərbi məktəblərində təhsil alması silahlı qüvvələrimizə yeni anlayışlar, döyüş taktikası, innovativ yanaşmalar gətirdi. “Bayraktar” PUA-larının ordumuzun arsenalına daxil edilməsi silahlı qüvvələrimizin imkanlarını daha da gücləndirdi.

Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin Türkiyə mediası vasitəsi ilə dünyaya xitab etməsi isə informasiya blokadasının yarılmasında önəmli rol oynadı, Azərbaycanın haqq səsinin, ədalətli mövqeyinin yüksək səslə bəyan edilməsinə şərait yaratdı. Bu tarixi qələbəni qazanmaqla Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, müdrik rəhbərin təməllərini qoyduğu yolun şərəfli davamçısı olduğunu bir daha sübut etdi.

Müharibənin tarixi qələbə ilə və eyni zamanda, qısa müddətdə bitməsində Prezident İlham Əliyevin müdrikliyə, idraka, mərdlik və cəsarətə söykənən qərarları əsas rol oynadı. Burada region və dünya ölkələri ilə münasibətlərin düzgün idarə edilməsi də xüsusi vurğulanmalıdır. İstər region, istərsə də dünya ölkələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana təsir etmək cəhdləri ölkə rəhbəri İlham Əliyevin atdığı kompleks addımlarla məharətlə zərərsizləşdirildi. Azərbaycan sistemli bir fəaliyyətlə özünün haqq etdiyi tarixi qələbəsini gerçəkləşdirdi.

Müharibə zamanı ölkə daxilində informasiya siyasətinin düzgün qurulması da vacib amil kimi diqqətdə saxlanıldı. İnformasiya siyasəti elə peşəkarlıqla idarə edildi ki, insanlarımızın əhval-ruhiyyəsi, qələbə əzmi və ovqatı ən yüksək səviyyəyə çatdırıldı. Bu ovqatdan doğan sarsılmaz xalq–ordu birliyi ön xətdə əsgər və zabitlərimizin cəsurluğunu daha da artırdı.

Müharibə günlərində müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevin Azərbaycanın əsgər və zabitlərinin cəbhədəki uğurlarını daim vurğulaması, yaralılarla mütəmadi görüşləri silahlı qüvvələrimizin bütün şəxsi heyətini ruhlandırır, onları inamlı qələbəyə səsləyirdi. Şəhid ailələrinə ali hörmət, qazilərə sonsuz ehtiram ordumuzu daim irəli aparır, xalqın gücü ilə ordunun gücü arasında möcuzəvi bir harmoniya yaradırdı.

Belə bir şəraitdə hər gün cəbhədən xoş xəbərlər gəlir, bir-birinin ardınca yeni ərazilər azad edilir və bütün bunların fonunda Azərbaycanın hərbi qüdrəti ilə yanaşı siyasi mövqeyi də güclənir, bölgədə yalnız və yalnız qalib Azərbaycanın haqlı şərtləri və ədalətli mövqeyi diqtə olunurdu. Düşmən isə bütün bunlardan məyus olur, Ermənistan ordusunda özbaşınalıq, fərarilik idarəolunmaz həddə gəlib çıxırdı.

Azərbaycan Ordusunun sınanmış döyüş taktikası, şəxsi heyət arasındakı ruh yüksəkliyi və təchizat baxımından düşməndən dəfələrlə üstün olması tarixi qələbəni hər an yaxınlaşdırırdı. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin İyul döyüşləri ordumuzda və xalqımızda qələbəyə sarsılmaz inam yaratmışdı. Bu inamla silahlanan xalqımız Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı işğaldan azad etdi. Ermənistanın kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi qalmadı.

Müharibədən sonra ermənilərin öz mənfur niyyətlərini davam etdirməsi, sülh danışıqlarından məqsədli şəkildə yayınması, davamlı terror aktları həyata keçirməsi Azərbaycanın bu ilin sentyabr ayında suveren ərazilərimizdə antiterror tədbiləri keçirməsini qaçılmaz etdi. 24 saatdan da az çəkmiş peşəkar antiterror tədbirləri Qarabağda separatçıların son qalıqlarını məhv etdi. Azərbaycan Respublikasının Konstutusiya quruluşu və suveren hüquqlarımız bütün ərazilərimizdə bərpa olundu. Əli Azərbaycan xalqının qanına batmış müharibə cinayətkarları xüsusi xidmət orqanlarımızın əməkdaşları tərəfindən həbs olunaraq Azərbaycanın ədalət mühakiməsinə təslim edildi.

Bu il oktyabrın 15-də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi Qələbəmizin, Zəfərimizin zirvə nöqtəsi oldu.

Artıq Azərbaycanın həyatında yeni bir geosiyasi və eyni zamanda mühüm tarixi bir mərhələ başlamışdır. Bu, Şərqi Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycandan olan soydaşlarımızın əzəli yurdlarına qayıdışı mərhələsidir.

Azərbaycanın 2020–2023-cü illər ərzində əldə etdiyi hərbi-siyasi qələbələr nəinki regionda, hətta dünyada bir sıra reallıqların dəyişməsinə gətirib çıxardı. Bu gün Azərbaycan dünya enerji təhlükəsizlik sisteminin önəmli hissələrindən birini təşkil edir. Eyni zamanda Azərbaycan Cənubi Qafqazda ən güclü orduya və iqtisadiyyata malik olan ölkədir.

Tarixi Zəfərlə başa çatan müqədəs Vətən müharibəsi bu gün dünyanın beyin mərkəzlərində, hərbi akademiyalarda araşdırılır, öyrənilir. Azərbaycan Ordusunun qələbəsi, xüsusilə Şuşanın azad edilməsi əməliyyatı dünyanın hərbi məktəblərində tədris olunur.

Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi uzun bir yolun məntiqi nəticəsidir. Bu yolun təməlində Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti dayanır. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev möhkəm təməllər üzərində qurulan siyasəti inkişaf etdirərək Azərbaycana bugünkü xoşbəxt günləri bəxş etdi. Əminik ki, Azərbaycanın xoşbəxt günləri, aydın sabahları bundan sonra da davam edəcək, qüdrətli, qalib ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərinə çatacaqdır.

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti