Elm və onun idarə olunması tarixi insanların bir çox nəsilləri tərəfindən biliklərin toplanması, onların alimlərin nəzəriyyələrində dərk və təsbit edilməsi, tədqiqi və praktikada tətbiqi prosesinin tarixidir. Bütün kəşflər elmi həqiqət axtarışında başlanğıc idi və bu axtarışlar bu gün də davam edir. İnsanlar təbiətcə dünya haqqında hər şeyi bilməyə çalışırlar. Onlar sadəcə öz maraqlarını təmin etmək üçün bilik əldə etmirlər, əldə etdikləri bilikləri öz mənfəətləri üçün tətbiq etmək istəyirlər. Tarixən elm və onun idarəetmə qurumları indiki formada mövcud olmamışdır. “Elm” sözünü ilk dəfə XIV əsrdə ingilis Çoser işlətmiş, sonra isə bu sözlə biliyin bütün sahələri nəzərdə tutulmuşdur.
Elmin idarə olunmasını həyata keçirən qurumların tarixini təhlil etmədən onun gələcək inkişaf tendensiyalarını anlamaq mümkün deyildir. Bu baxımdan qədim, orta əsrlər və yeni dövr Azərbaycan dövlətləri elmin inkişafına xüsusi diqqət yetirmişlər. Müxtəlif elm sahələrində şöhrət qazanmış görkəmli Azərbaycan alimləri Şərqin, Qərbin, Rusiyanın elmi müəssisələrində uğurla çalışmışlar.
Çar hökuməti qədim elmi ənənələrə malik Azərbaycanda ali təhsil müəssisələrinin (universitetlərin) açılmasına, elmi cəmiyyətlərin, elmi-tədqiqat müəssisələrinin yaradılmasına icazə vermirdi və bu da Azərbaycanda elmin inkişafına mane olurdu. Yalnız 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk təhsil ocağı olan Bakı Universiteti yaradılmışdır. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi, milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar, əsasən, Bakı Universitetində mərkəzləşmişdi. Bakı Dövlət Universitetinin yaradılması ölkəmizdə elmin inkişafında mühüm rol oynadı. Bu elm ocağı yalnız ali savadlı milli kadrların hazırlanmasında deyil, elmi - tədqiqat işlərinin təşəkkül tapmasında da müsbət rol oynayırdı. 1920 - 1922 - ci illərdə burada humanitar, tibb və təbiət elmləri bölmələrindən ibarət elmi cəmiyyət fəaliyyət göstərmişdi. Həmin cəmiyyət müxtəlif bilik sahələri üzrə elmi məsələlərin işlənib hazırlanması və yeni elmi kadrların formalaşması ilə məşğul olmuşdu.
1923-cü ildən etibarən isə respublikamızda elmi-tədqiqat işləri ilə elə həmin ilin 2 noyabrında təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti məşğul olmağa başladı.
Yaranma tarixini araşdırarkən məlum olur ki, bu cəmiyyət o dövrdə Bakı ali məktəblərinin professorlarından bir qrupunun Xalq Maarif Komissarlığının Kollegiyasına təqdim etdikləri Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Nizamnaməsinin 5 may 1923-cü il tarixində təsdiqi ilə baş tutmuşdur.
Cəmiyyətin tərkibi ilk dövrlərdə tarix, etnoqrafiya, iqtisadiyyat və təbiətşünaslıq bölmələrindən ibarət olmuş, Nuxa, Şamaxı, Göyçay, Şamxor (hazırda Şəmkir rayonu – red.), Ağdam, Naxçıvan, Gəncə, Qazax, Cəbrayıl, Lənkəran, Qarabağ, Zaqatala, Quba, Kürdüstan, Ağdaş və Salyanda bölmələri (filialları) yaradılmışdır.
Bundan başqa, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin “Redaksiya və nəşr şurası”, “Biblioqrafiya bürosu” ilə yanaşı İşlər idarəsi fəaliyyət göstərmişdir.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsas məqsədi nizamnaməyə uyğun olaraq aşağıdakı kimi göstərilir: “Azərbaycanı və onunla bir hüdudda bulunan məmləkətləri, iqtisadi, təbii, sosial və tarixi, etnoqrafi, arxeoloji, lengvistiqi (dilşünaslıq) cəhətlərindən tədqiq etmək və öyrənməkdən ibarətdir.
Göstərilən məqsədə nail olmaq üçün Azərbaycanın keçmişini və hal-hazırını ətraflı tədqiq və öyrənməkdən ötrü cəmiyyət: Elmi ekspedisiyalar təşkil edir, qurultaylar, konfranslar, iclaslar çağırır, məmləkəti öyrənməyə məxsus bütün məsələlərə aid ekskursiyalar, qiraət, müşavirələr, ümumiyyət üçün leksiyalar tərtib edir, kurslar, məlumat aparatı, muzə, qütübxanə və ilax təşkil etməklə və azərbaycanşünaslığa aid dəxi işlərə kömək edir.”
1925-ci ildə Cəmiyyətin strukturu xeyli təkmilləşərək bir neçə bölmənin yaranmasını təmin etdi. Elmin müxtəlif sahələrində fundamental tədqiqatları yaxşılaşdırmaq məqsədilə ümumilikdə komissiyalar və altkomissiyalar yaradıldı: tarixi, etnoqrafiya, tarixi və ədəbi, dil, lüğət, botanika, fiziki – coğrafiya, Xəzər dənizinin ekologiyası, Orta Şərq bürosu, kitabxana - biblioqrafiya bürosu və başqaları. Elə həmin ilin noyabrında cəmiyyətin üzvlərindən C.Məmmədzadə və A.R. Zifeldtin Moskvaya köçmələri ilə əlaqədar olaraq, cəmiyyətin Moskva şöbəsi fəaliyyətə başladı. Bu şöbənin Azərbaycan üçün başlıca əhəmiyyəti ölkənin paytaxtında təhsil alan gənc elmi kadrların Azərbaycanla sıx elmi – mədəni əlaqə yaratmasını tənzimləməkdən ibarət idi. Şöbədə aşağıdakı bölmələr təşkil edilmişdi: “Azərbaycanın təbii sərvətlərinin tədqiqi bölməsi; Kənd təsərrüfatı bölməsi; Türk terminologiyasının öyrənilməsi bölməsi; İncəsənət tədqiqləri bölməsi; Tarix və etnoqrafiya bölməsi.”
Bölmələrin gərgin fəaliyyəti nəticəsində toplanmış materialların qorunması üçün Azərbaycanın rayonlarında bir - birinin ardınca bir neçə diyarşünaslıq muzeyi də yaradılmışdı. Cəmiyyətin yerli ziyalılar və həvəskarlarla birgə fəaliyyəti sayəsində artıq XX əsrin 20-ci illərində Azərbaycanın bir sıra şəhər və rayon mərkəzlərində (Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Şəkidə, Xanlarda (Göygöl rayonu-Ş.T) diyarşünaslıq işinin təşkili məqsədilə elmi əsaslarda diyarşünaslıq muzeylərinin əsası qoyulmuşdur. Azərbaycanın mədəniyyət nümunələrinin qorunması və yaşadılması üçün atılan bu mühüm addımlar o dövrün ən böyük nailiyyəti idi.
Qeyd edək ki, həmin dövrdə respublikada muzey işini, o cümlədən diyarşünaslıq profilli muzeyləri inkişaf etdirmək üçün 1924-cü ilin 21 - 24 sentyabr tarixlərində Tədqiq və Tətəbbö Cəmiyyətinin təşəbbüsü ilə Bakıda Azərbaycan Diyarşünaslarının I Qurultayı da keçirilmişdir.
Həmçinin, 1925 - ci ildə “Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyətin Xəbərləri” (Tətəbbö) xüsusi mətbuat orqanı təsis edilmişdi.
Keçən əsrin 20 - ci illərinin sonunda dövlət bütün sahələrdə “yüksək inkişafın” olduğunu diqqətə çatdıraraq, özünün təşəkkül dövrünü yaşayan elm və mədəniyyət sahələrinə diqqəti azaltmağa başladı. Nəticədə bir çox sahələrdə geriləmə yarandı. Formalaşmağa başlamış inzibati sistem kütlələrin yaradıcı müstəqilliyini və özfəaliyyətini inkişaf etdirməsini istəmirdi. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ləğv edildi və onun əsasında dövlət müəssisəsi - Azərbaycan Dövlət Elmi - Tədqiqat İnstitutu təşkil olundu. İnstitut Cəmiyyətin 1928-ci il 24 oktyabr tarixli iclasında Xalq Komissarları Sovetinin 1924-cü il tarixli qərarı və 32 nömrəli protokoluna əsasən yaradıldı.
Bir müddət sonra - Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 noyabr 1929 - cu ildə “Azərbaycan MİK yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Əsasnaməsinin təsdiq olunması barədə” Qərar qəbul edildi. Qərarda Sovet Azərbaycanının elmi əsaslara söykənən genişmiqyaslı elmi-tədqiqatlar apararaq öyrənilməsi, həmçinin, qonşu sovet və Şərq ölkələri tarixinin öyrənilməsi nəzərdə tutulurdu. İnstitut aşağıdakı vəzifələri yerinə yetirməli idi: Azərbaycanda təbii sərvətlərin öyrənilməsi; İqtisadi istehsal qüvvələrinin tədqiqi; İctimai hərəkatların, tarix, etnoqrafiya, incəsənət, ədəbiyyat sahələri, türk dili, hüquq, eləcə də, digər elmi tədqiqatların istehsalatda tətbiqi xalq təsərrüfatı və mədəniyyət quruculuğunda müşahidələrin aparılmasını.
İnstitut 7 əsas şöbə ilə fəaliyyətə başladı: Təbiət elmi;İqtisadiyyat; Hüquq, Dövlət və sovet quruculuğu; Tarix, etnoqrafiya; Dil, ədəbiyyat, incəsənət; Fəlsəfə; Sovet və xarici Şərq ölkələri. Hər şöbə müxtəlif fənlər üzrə bölmələrdən, komissiyalardan, kafedralardan təşkil edilmişdi. İnstitutun nəzdində Elmi-Tədqiqat Marksistlər Assosiasiyası (ETMA), Azərbaycanda sinfi mübarizə tarixini öyrənən İnstitut, Azərbaycanı Öyrənən Cəmiyyət qüvvədə olan müddəalara əsasən fəaliyyət göstərirdi.
Ümumiyyətlə, ATTC-nin qurucuları ciddi elmi prinsiplərə və müasir tədqiqat metodlarına əsaslanaraq Azərbaycanın dilini, tarixini, folklorunu, adət-ənənələrini, məişətini, etnoqrafiyasını araşdıraraq elmimizin təməlini yaradıblar.
Vilayət Quliyev haqlı olaraq 1923-cü ildə yaradılan ATT Cəmiyyətini Azərbaycanın gələcək elmlər akademiyasının proobrazı hesab edir. “Azərbaycan məhz bu cəmiyyətin timsalında özünün XX yüzillikdəki ilk elmi mərkəzinə sahib olmuşdur”.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazır: “Hətta uzaq keçmişdə müxtəlif ölkələrdə müxtəlif təşkilatlar, akademiyalar, cəmiyyətlər yaradıldı ki, onlar elmin inkişafını ictimai tərəqqiyə çatdırmağı qarşılarına məqsəd qoydular. Akademiyanın sələfi 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti idi.”
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elm sahəsində islahatların həyata keçirilməsinə münbit şərait yaradıldı. Azərbaycanda elmə, onun idarə olunmasını təşkil edən qurumlara yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev 31 yanvar 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdəki nitqində demişdir: “Bizim bu böyük elmimiz Azərbaycanın istedadlı insanları, alimləri tərəfindən, elmi tədqiqat institutları, təşkilatları, Elmlər Akademiyası tərəfindən, sahə institutları tərəfindən yaranmış elmdir. Ona görə də Azərbaycanın güclü elmi potensialı haqqında həmişə böyük iftixar hissi ilə danışarkən, şübhəsiz ki, birinci növbədə elmi nailiyyətlərimizi nəzərdə tuturuq və xüsusən Elmlər Akademiyasının əldə etdiyi nailiyyətləri nəzərdə tuturuq.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 yanvar 2003-cü il tarixli Sərəncamı ilə Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil edən və təmin edən, elmi tədqiqatların aparılmasını həyata keçirən ali dövlət elmi təşkilatı statusu verildi. Akademiya dövlətin elmi-texniki siyasətini, elmi və elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirir, bununla da elmi və elmi-texniki fəaliyyətin əhatə dairəsini xeyli genişləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”ı qəbul edilmişdir. Strategiya çərçivəsində elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bütün bunlar göstərir ki, yarandığı vaxtdan etibarən ötən müddət ərzində özünün xələf-sələf prinsiplərinə sadiq qalaraq Azərbaycan Milli Elmlər Akademiyası mühüm nailiyyətlər qazanır, elmi məktəblərin qurulmasına müvəffəq olur, beynəlxalq elmi strukturlara uğurla inteqrasiya edir, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini verir.
Şəhla TAHİRQIZI, AMEA MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent