Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən beynəlxalq idman yarışları başa çatıb.
Müdafiə Nazirliyindən "Tehsil.biz",ə verilən məlumata görə, ümumilikdə 80 hərbi qulluqçunun cəlb olunduğu yarışlarda komandalar idmanın futbol, voleybol, üzgüçülük və yüngül atletika üzrə növlərində mübarizə aparıblar.
Yarışların bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən beynəlxalq idman yarışlarının əhəmiyyəti xüsusi vurğulanıb.
Yekunda qalib komandalara diplom, kubok və medallar təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.