Noyabrın 7-də Təhsil İnstitutu (ARTİ) tərəfindən Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransında (NASCO XXVI) iştirak edəcək doktorantlar və gənc tədqiqatçılar üçün onlayn təlim təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Təlimdə spiker qismində ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin əməkdaşı Həsən Əlili çıxış edərək təqdimat hazırlanması qaydalarından və təqdimat edərkən nələrə diqqət yetirilməli olduğundan bəhs edib.
Yekunda ARTİ-nin direktor müavini İlham Cavadov və Təhsildə innovasiyalar şöbəsinin digər əməkdaşı Aytən Məhərrəmova iştirakçıların konfransla bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu 17-18 noyabr 2023-cü il tarixində doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirir.
Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.