Erməni faşist-vandalların azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti, düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilməklə müşayiət edilmişdir. Soyqırımı siyasətini həyata keçirmək məqsədilə IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişlər.
1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz soyqırıma məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub.
Xəyallarında “Böyük Ermənistan” reallaşdırmaq istəyən ermənilər növbəti dəfə iyrənc addımlara əl atdılar. Belə ki, 1945-ci ilin payızında ərazi iddiası qaldıraraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. Belə ki, M.Bağırov Şuşa istisna olmaqla Dağlıq Qarabağın ermənilərə verilməsinə o şərtlə razı oldu ki, tarixi Azərbaycan torpaqları olan Zəngəzur və Göyçə mahalları Azərbaycana birləşdirilsin. Bununla razılaşmayan ermənilər yenidən susdular. Lakin çox keçmədi ki, onların səyi ilə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr tarixli qərarı ilə azərbaycanlıların Kür-Araz çayı ətrafına köçürülməsi planını hazırladı. Bu plan 1948-ci il martın 10-da təcili tədbirlər planı ilə təsdiq olundu.
1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası başlandı. Beş il ərzində 150 mindən çox azərbaycanlı öz doğma ata-baba yurdundan zorla, Azərbaycanın Saatlı, İmişli, Sabirabad, Göyçay, Kürdəmir kimi aran rayonlarına köçürüldü. Ermənilər hər vəchlə çalışırdılar ki, azərbaycanlılar Dağlıq Qarabağ ərazisinə köçürülməsin.
Beləliklə, çirkin əməllərinə nail olan ermənilər havadarlarının köməyi ilə 1988-ci ilin dekabrına kimi Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlını zorla vətənlərindən qovdular.
1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini işğal etməyə başladılar. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüş, erməni cəlladları tarixdə misli görünməmiş vəhşiliklər törətmişlər. Ermənistan dövlətinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində 30 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur. Bunların içərisində çoxlu sayda qadınlar, uşaqlar, qocalar vardı.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində bir sıra addımlar atıldı. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi. Həmin il noyabrın ortalarında Azərbaycan Ordusu artıq cəbhələrdə ermənilərin hücumlarına ciddi müqavimət göstərə bilirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Ulu Öndər İlham Əliyev barədə deyirdi: “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli Liderdən bu yüksək dəyərini alan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü və gələcək inkişafının təminatçısına çevrildi.
Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Ümummilli Lider hər zaman torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını əminliklə bildirirdi. Bu missiya Ulu Öndər irsinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, həm də çox böyük mənəvi əhəmiyyət daşıyırdı. Vətən müharibəsində Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan, tutarlı arqumentlər üzərində qurulan aydın açıqlama və bəyanatları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin, bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu.
Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı.
Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızda bu gün Üçrəngli Bayrağımız qürurla dalğalanır, ərazilərimiz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Ölkə başçısının “Biz səbirliyik, ancaq qətiyyətliyik” iradəsi isə yaxın gələcəkdə bizi daha möhtəşəm dəyişikliklərə, uğurlu yeniliklərə şahid etmək əzmindədir.
Dövlət başçsının xalq qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, onun hər azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq sürətdə reallığını bir daha təsdiqləyir. Gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər, qürur hissi keçirəcəklər.
Eşq olsun Ali Baş Komandana, Eşq olsun müzəffər və rəşadətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Ülkər Rəhimova,
Zəhra Quluzadə
Abşeron RİH könüllüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbələri