Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib.
BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, bu baxımdan onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 2023-cü il sentyabrın 4-də xitam verilib.
Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticələrinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb. Komissiya sentyabrın 5-dən fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.