Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Sumqayıt Texnologiyalar Parkı (STP) Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehovla görüşüb.
Tehsil.biz xəbər verir ki, Yaqub Piriyev son illərdə sənayeləşmə prosesinin daha da sürətləndiyini, bu istiqamətdə sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Çıxışında universitet-sənaye əməkdaşlığının önəminə diqqət çəkən rektor əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi əsasında müasir kompetensiyalara malik, rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadr hazırlığında birgə fəaliyyətin vacibliyindən danışıb. Bu baxımdan STP ilə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə ümidvar olduğunu bildirən Yaqub Piriyev BMU-da kadr hazırlığı istiqamətində həyata keçiriləcək yeniliklər barədə məlumat verib.
Hicran Valehov universitet-sənaye əməkdaşlığının formalaşdırılması, bu əlaqələrin daha da genişləndirilməsinə maraq göstərdiklərini bildirib. Baş icraçı direktor insan resurslarına, o cümlədən sənayenin müxtəlif istiqamətləri üzrə mühəndis kadrlara olan tələbatın təmin edilməsində BMU ilə sıx əməkdaşlığın uğurlu nəticələr verə biləcəyini qeyd edib.
Görüşdə STP-də təcrübə keçən BMU tələbələrinin sayının artırılması, mühəndislik sahəsində peşəkar kadrların hazırlanması istiqamətində birgə işin aparılması, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə geniş fikir mübadiləsindən sonra “Sənaye-universitet işbirliyi” mövzusunda təqdimatlarla çıxış edən BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev və Sənaye mühəndisliyi kafedrasının müdiri Pərviz Həsənov konkret layihə və təklifləri nəzərə çatdırıblar.
Görüşün sonunda qonaqlar BMU-nun labaroratoriyaları və Texnoparkı ilə yaxından tanış olublar.



