Logo

Paytaxt məktəbliləri 116 layihə ilə SAF 2023-də iştirak edəcək - FOTO

15.11.2023 18:43 388 baxış
IMG

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək paytaxt məktəblilərindən ibarət komandaların layihələrinə baxış keçirilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, STEAM İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə qonaqlar paytaxt məktəblilərindən ibarət komandaların hazırladıqları layihələrlə tanış olublar.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva artıq üçüncü dəfə Bakıda keçiriləcək SAF 2023-də iştirak edəcək paytaxt məktəblilərini təbrik edib və onlara uğurlar arzulayıb.

STEAM əsaslı təhsilin əhatə dairəsinin genişləndirildiyini bildirən M.Vəliyeva qeyd edib ki, məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektdən iqtisadiyyatın müxtəlif sahələrində istifadə bacarıqlarının formalaşdırılmasından ibarətdir.

M.Vəliyeva festivalın bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini vurğulayıb. Məktəblilərə festivalda iştirakla bağlı müvafiq tövsiyələrini verən M.Vəliyeva rəqəmsal səriştələrin artırılması və XXI əsr bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Tədbirdə komanda üzvləri öz layihələri haqqında geniş məlumat verib və layihələrini praktik şəkildə nümayiş etdiriblər.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak üçün ümumilikdə 4 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır. Bakı şəhəri üzrə 250-yə yaxın məktəbli 116 layihə ilə festivala qatılacaq. SAF 2023-ün əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Xəbər lenti