Logo

"Heydər Əliyev irsi dünya arenasında” mövzusunda elmi konfrans keçirilib - FOTO

17.11.2023 12:53 263 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində Əliyevşünaslıq və Dünya tarixi şöbələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi dünya arenasında” mövzusunda elmi konfrans keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbiri açan icraçı direktor tarix elmləri doktoru İlqar Niftəliyev Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında danışıb.

İnstitutun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyev: Dünya siyasətində iz qoymuş dahi lider” adlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, Heydər Əliyev istər sovet rejiminin sərt qadağaları çərçivəsində, istərsə də müstəqil Azərbaycan dövlətinin ağır sınaqlarla üzləşdiyi bir şəraitdə Ümummilli Lider kimi xalqın yaddaşında əbədi qalıb. O, xalqı ən çətin və bəzi hallarda çıxılmaz vəziyyətlərdən xilas edib.

Məruzəçi qeyd edib ki, Heydər Əliyev təkcə Azərbaycanın qarşılaşdığı problemləri deyil, regional və qlobal problemləri də gündəmə gətirirdi. Onun dövlətlərarası dialoq məsələləri ilə bağlı fikirləri bu gün dünyanın bir çox regionlarında amansız müharibələrin qızışdığı bir vaxtda aktuallığını qoruyub saxlayır.

Tədbirdə institutun Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırova “Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizəsi” adlı məruzə ilə çıxış edib. “O, bu məsələnin mahiyyətinə beynəlxalq hüquq kontekstində baxılmasına çağırırdı. Lakin həmin hüququn həyata keçirilməsində ikili standartlar siyasəti nəticəsində böyük əngəllər meydana çıxırdı.

Ümummilli Lider, həmçinin Azərbaycanın dünya birliyi tərəfindən tanınmasını, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, ölkəmizin milli-mənəvi dəyərlərini, mədəniyyətini və incəsənətini təbliğ etmək məqsədilə mötəbər qurumlara üzv olmağı dövlətimizin xarici siyasəti qarşısında duran başlıca vəzifələr kimi müəyyən etmişdi”, - deyə professor qeyd edib.

Konfransda “Dağlıq Qarabağ problemi Heydər Əliyevin xarici siyasətinin prioritet məsələsi kimi”, “Heydər Əliyev diplomatiyasının dönüş mərhələsi: Lissabon sammiti”, “Heydər Əliyev və dünya azərbaycanlılarının təşkilatlanması”, “Almaniya-Azərbaycan əlaqələrində Heydər Əliyev dövrü: Qarabağ probleminin həlli məsələləri”, “Heydər Əliyevin Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmasında rolu”, “Heydər Əliyevin Nizami Gəncəvi irsinin dünyada təbliğində rolu”, “Heydər Əliyev və Xəzərin enerji potensialının mənimsənilməsi” adlı məruzələr dinlənilib.

Xəbər lenti