Noyabrın 17-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı forum təşkil edilib.
Tehsil.biz xəbər verir ki, forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların, həmçinin, qeyri-formal və informal təhsil yolu ilə əldə edilmiş bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə bu sahədə baş verən rəqəmsallaşmanın və tətbiq olunan yeniliklərin müzakirəsini təşkil etməkdir.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, yerli ali təhsil müəssisələrinin rəhbərləri, sahə üzrə beynəlxalq təşkilatların rəhbər heyəti, ekspertlər, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Rəsulov açılış nitqi ilə çıxış edərək müvafiq sahədə bu günə kimi görülmüş işlər barədə məlumatı forum iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan danışıb, istər xarici ali təhsil, istərsə də qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Açılış mərasimi Türkiyə Respublikasının Ali Təhsil Şurasının İdarə Heyətinin üzvü Hüseyin Karaman, Türkiyə Respublikasının Peşə Kvalifikasiyaları Agentliyinin sədri Mustafa Necmi İlhan və Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının prezidenti Marina Malginanın çıxışı ilə davam edib.
Forum beynəlxalq ekspertlərin spikerliyi ilə “Xarici kvalikasiyaların qiymətləndirilməsində rəqəmsallaşma və virtual əməkdaşlıq” və “Qeyri-formal və informal təhsilin tanınmasında çağırışlar və imkanlar” adlı panel müzakirələr ilə davam edib.