Logo

Valideynlər üçün “Payız məktəbi” başa çatıb

20.11.2023 18:41 196 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə valideynlər üçün keçirilən “Payız məktəbi” başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, payız tətilinin sonuncu günü Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə övladları inklüziv siniflərdə təhsil alan valideynlərin iştirakı ilə BŞTİ-nin əməkdaşı Elşad Səfixanov və 83 nömrəli məktəb-liseyin müəllimi Kəmalə İslam tərəfindən “İnklüzivlik” mövzusunda görüş keçirilib.

Görüşdə ailə-uşaq münasibətlərinin tənzimlənməsi, özünəinamın formalaşması, pozitiv düşünmə, davranışın düşüncələrlə dəyişdirilməsi, uğurlu övlad yetişdirmənin yolları, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi yanaşma, cəmiyyətdə özünüifadə üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb.

Bundan əlavə, “Payız məktəbi” çərçivəsində paytaxtdakı 320 nömrəli tam orta məktəbdə BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin psixoloqları Səidə Əhmədova, Heyran Səfərova və Aysel Novruzova tərəfindən “Övladımın uğurlu gələcəyi naminə”, “Yeni təhsil pilləsində birlikdə öyrənək” və “Yeniyetmə şəxsiyyətinin formalaşması” mövzuları üzrə təlimlər keçirilib.

Təlimlərdə böhran yaşı dövründə valideyn-övlad münasibətlərində yaranan çətinliklər və onların aradan qaldırılması yolları, məktəb-valideyn əməkdaşlığının düzgün qurulması, şagird şəxsiyyətinin formalaşmasında ailənin və məktəbin rolu barədə tövsiyələr verilib, müvafiq mövzular üzrə suallar təlimçilər tərəfindən cavablandırılıb.

“Payız məktəbi” şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla başa çatıb.

Xəbər lenti