“Məktəbdə...” layihəsinin növbəti qonağı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov olub.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin növbəti görüşü paytaxtdakı 1 nömrəli tam orta məktəbdə keçirilib.
Qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, müəllimlərlə görüşüb, söhbətləşib. Balakişi Qasımov məktəb illəri, müəllimləri, sinif yoldaşları ilə bağlı xatirələrindən, söz açıb, müasir dövrün tələbləri və bu günün məktəbi, intellektual gəncliyin yetişməsində telekanalların rolu, informasiyanın insan həyatına təsirlərindən danışıb.
Hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən bəhs edən B.Qasımov ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, yeniyetmələrdə ictimai məsuliyyət hissi və digər vacib mövzularla bağlı şagirdlərlə fikir mübadiləsi aparıb.
Qonaq həyata müstəqil addımlarını atmaq astanasında olan məktəblilərə tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıb.
“Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.