Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə təhsil alan tələbələr üçün “Technest” təqaüd proqramı barədə infosessiya keçirilib.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, infosessiya tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı barədə məlumatlandırmaq, İKT sahəsində kadr potensialının artırılmasına dəstək olmaq məqsədilə təşkil edilib. 50-dən çox tələbənin iştirak etdiyi infosessiyada Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov, İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Sərxan Talıbzadə təqaüd proqramının əhəmiyyətindən söz açıblar.
Daha sonra Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşı Fərzəli Vəliyev və “Technest”in nümayəndəsi Babək Feyziyev proqram haqqında tələbələrə ətraflı məlumat veriblər. İnfosessiyada karyera inkişafına təqaüdlü dəstək olan “Technest” layihəsinin əhəmiyyətindən, burada yer alan proqramlar və qəbul şərtləri, onun tələbələr üçün yaratdığı imkanlarından bəhs olunub. 2022/2023-cü illərdə dünyanı təhdid edən kiberhücumlara qarşı Azərbaycanda mütəxəssis azlığından danışılıb. Bu sahədə kadr ehtiyatının artırılmasının vacibliyinə toxunulub. Tələbələrə rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə bilik və bacarıqları təkmilləşdirmək və proqramın verdiyi imkanlardan yararlanmaq məsləhət görülüb.
Sonda təqaüd proqramı ilə bağlı tələbələrin sualları cavablandırılıb.
“Technest” təqaüd proqramına 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaqlar. Proqrama qeydiyyat noyabrın 30-dək aparılacaq.