Logo

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda regional seminar-treninq keçirilib - FOTOLAR

24.11.2023 22:46 196 baxış
IMG

Respublikamızın bölgələrində məktəb direktorları, direktor müavinləri, uşaq birlikləri rəhbərləri, psixoloqları, tarix, ədəbiyyat və həyat bilgisi fənlərini tədris edən müəllimlərin iştirakı ilə dini maarifləndirmə tədbirləri davam etdirilir. Bu qəbildən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda növbəti regional seminar-treninq noyabrın 23-24-də Lənkəranda keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Tehsil.biz"ə bildirilib ki, Lənkəran, Astara və Lerik rayonlarından olan müəllimlərin iştirakı ilə keçirilən tədbirdə DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, Lənkəran-Astara regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rəhim Rəhimov,  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, Lənkəran Təhsil sektorunun nümayəndəsi Cəmil Axundzadə mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlar zamanı bildirilib ki, təhsil prosesinin iştirakçılarını, xüsusilə xalqın gələcəyi olan təhsilalanları milli ideologiyamıza yad olan təsirlərdən, xurafat və fanatizmdən qorumalıyıq. Eləcə də dini maarifləndirmə işini elə qurmalıyıq ki, gənc nəsildə zərərli təbliğata qarşı “immunitet” formalaşsın.  Vurğulanıb ki, müasir dövrdə zərərli dini cərəyanların təsirlərini dəf etmək üçün inzibati yol ilə yanaşı, intensiv təbliğat metodlarından istifadə zəruridir. Dini biliklərin sistemli və tərəfsiz formada məktəblilərə çatdırılması onları fanatizmdən və radikal təsirlərdən qorumanın ən effektiv vasitələrindəndir. Bu baxımdan müəllimlərin üzərinə düşən ali vəzifəyə diqqəti çəkən çıxışçılar, milli və dövlət təəssübkeşliyi olan, fanatik və mövhumatçı təfəkkürdən uzaq, tolerant, vətənpərvər, ziyalı gənc nəslin formalaşdırılması zamanı təhsil işçilərini diqqətli olmağa, işlərini qeyd edilən potensial problemlərin əvvəlcədən qarşısının alınması yönündə qurmağa səsləyiblər.

Tədbir çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyinə həsr olunmuş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş etdirilib.

İkigünlük regional seminar-treninq müəllimlərlə mövzuyla bağlı müzakirələrin, həmçinin praktiki məşğələ və qrup işlərinin aparılması ilə yekunlaşıb.

Xəbər lenti