Panamada Dünya Robot Olimpiadası keçirilib. Yarışda beş qitədən 84 ölkənin 450 komandası iştirak edib. Azərbaycandan isə bu yarışa səkkiz komanda qatılıb.
Yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılan Zaqatala və Balakən məktəblilərindən ibarət komandamız olimpiadada ikinci yeri qazanıb. “Village Boys” (“Kəndli oğlanlar”) komandası bu uğuru “Future İnnovators-Junior” kateqoriyası üzrə əldə edib. “Village Boys” komandasının üzvləri - Zaqatala rayon Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin şagirdi Hacı Hacıyev, Zaqatala rayon Əliabad qəsəbəsi dörd saylı məktəbin şagirdi Əlibali Əlibəyov, Balakən rayonu Zərifə Əliyeva adına liseyin şagirdi Nihat Muradlıdır. Xatırladaq ki, Hacı Hacıyev Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Abakar Hacıyevin övladıdır.
“Kaspi” qəzetinin əməkdaşı şagirdlərin uğurlarını işıqlandırmaq üçün onlarla görüşüb.
“İllərdir bu sahədəyik”
Əlibalinin sözlərinə görə, robotexnikaya uşaqlıqdan marağı olub:
“Məktəbdən yönləndirdilər. Dedilər Zaqatalada belə bir kurs açılıb. Üç ildir orada robotexnika öyrənirəm”.
Nihat isə bildirib ki, onu bu sahəyə atası yönəldib. İki ildən çoxdur ki, robotexnika ilə məşğul olur.
Hacı da uşaqlıqdan elektronika sahəsinə maraq göstərənlərdəndir. O, bu sahəyə üç il əvvəl müəlliminin həvəsləndirməsi ilə gəlib.
Belə ad olmasaydı, bu qədər danışılmazdıq
Komandanın adı da diqqət çəkir - “Kəndli oğlanlar”. Bu adın tarixçəsini Əlibali danışır.
O bildirib ki, bu ad onlara özünəməxsusluq qatıb:
“Azərbaycanda birinci yeri tutduqda komandamızın adı “Mekatron mühəndislər” idi. Bir çox yarışmalara bu adla qoşulmuşuq. Amma Rəhman müəllimin belə bir fikri var idi ki, orada bütün komandaların adları eyni olacaq. Həqiqətən gördük ki, bütün komandaların adları “robo” və “texno” ilə başlayırdı. Amma “Village Boys” daha çox səmimiyyət yaradırdı. Çünki digərlərindən fərqli idi. Bəlkə də, belə ad olmasaydı, bu qədər marağa səbəb olmazdıq”.
Təchizat və maliyyə problemlərinə qalib gələn komanda
Hacının sözlərinə görə, yarışa qədər onlar üçün əsas problem təchizat və dillə bağlı olub:
“Respublika turuna özümüz hazırlaşmışdıq. Amma dünya turuna çıxanda artıq təchizat daha da çox olmalı idi ki, modelimizi təkmilləşdirə bilək. Bir qədər çətin olsa da, öhdəsindən gəldik. Başqa bir çətinliyimiz isə dillə bağlı idi. Dünya turunda ən vacib ikinci amil təqdimatdır. Onu da ingilis dilində etmək lazım idi. Bu səbəbdən 2-3 ay ancaq ingilis dilini öyrəndik”.
Əlibali isə bildirib ki, layihələrinə yaxşı maliyyə ayrılsaydı, daha da yaxşı işlər ortaya qoya bilərdilər:
“Təchizat baxımından çətinliklər çəkdiyimiz üçün əvvəlki ixtiramızın təkərlərini sökmüşdük. Maliyyə cəhətdən bəzən problemlər yaşanırdı. Məsələn, yarışda ölkələr elə layihələr yığmışdılar ki, dəyəri minlərlə dollar idi. Həmçinin, onların bir neçə prototipini hazırlamışdılar. Bizə də o cür dəstək olsaydı, daha keyfiyyətli layihələrimiz ola bilərdi. Amma əsas üstünlüyümüz o oldu ki, bizim layihəmiz az maliyyə tələb edirdi. Ona görə özümüz maliyyələşdirə bildik. Təqdimat zamanı bəzi çətinliklər yaşadıq. Layihəmizin bəzi hissələri işləmədi, çünki onu yığa biləcək təchizatımız yox idi. Nə yaxşı ki, münsiflər bunu anlayışla qarşıladılar və güzəşt etdilər”.
“Yarışda ideya çox önəmlidir”
Layihələri çətinliklə ərsəyə gəlsə də, mövzusu qeyri-adi olub. Yarışa təqdim etdikləri “Robocean” layihəsi dənizlərin və okeanların çirklənməsi, həmçinin onların təmizlənməsi ilə bağlı olub. Lakin şagirdlərin yaşadıqları rayonlarda su hövzəsi mövcud deyil. Bəs bu ideya onlarda haradandır?
Əlibali deyir ki, qaydalara əsasən, hər il yarış hansı ölkədə keçirilirsə, ideya onun problemlərini həll etmək üzrə olmalıdır:
“Panamanın da ən böyük problemləri okeanların və dənizlərin çirklənməsi, sualtı internet kabellərinin zədələnməsi və yükdaşıma ilə bağlı idi. Layihəmizin əsas məqsədi çirklənmiş ərazilərin təmizlənməsini sürətləndirməkdir”.
Hacı qeyd edib ki, layihənin mövzusunun tapılması üçün çox əziyyət çəkiblər:
“Hər il yanvar ayından mövzular açıqlanır. Yarışda ideya vacib şərtdir deyə, ilk 2-3 ayımızı onu tapmağa sərf etdik. İdeyanı tapandan sonra hazırlaşmağa başladıq. Bütövlükdə 6-7 aya başa gəldi. Gəmilər arasında təchizat, xəbərləşmə problemi var idi. Okean və ya dənizlərdə tullantıların olub-olmadığını müəyyənləşdirə bilsələr də, onu təmizləyə bilmirdilər. İndi isə bizim sayt vasitəsilə gəmilər bir-biri ilə əlaqə yaradacaqlar”.
“Yarışda əsasən unikallığa xal verirlər”
Komanda üzvləri bizimlə söhbətdə rəqiblərini də unutmadılar.
Hacının yarışda ən çox bəyəndiyi Yaponiyanın, Malayziyanın, Almaniyanın layihələri olub. Onun sözlərinə görə, Yaponiya ilə Malayziyanın layihələri leqolardan (konstruksiya) yığılıb:
“Görünüşləri demək olar ki, eyni idi, sadəcə funksiyaları fərqlənirdi. Amma ən yaxşısı Almaniyanın layihəsi idi. Elə birinci yerin də qalibi onlar oldular. Bu, suyun altında olan problemləri həll etməyi, kabelləri düzəltməyi nəzərdə tuturdu”.
Nihatın da ən çox bəyəndiyi Yaponiyanın layihəsi olub:
“İdeyası xoşuma gəldi. Onların yığdıqları sistem avtomatik olaraq kabellərdəki zədəni aşkarlayır və zədələnmiş hissəni bərpa edir. Onu öyrəndik ki, əsas layihə və təqdimatdır. Hansı prototipdən, modeldən, materiallardan yarandığı çox da önəmli deyil”.
Əlibali qeyd edib ki, leqolar vasitəsilə layihə yığılacağını heç vaxt düşünməzdik:
“Bizə görə bu layihələr çox bəsit görünürdü. Orada gördük ki, ideya çox önəmlidir, onun nə qədər prototipə çevrilə bildiyi o qədər də vacib deyil. Yarışda əsasən unikallığa xal verirlər”.
“Kolleksiyama yeni əsginaslar əlavə olundu”
Hacının sözlərinə görə, bəzi komandalar ölkələrinin adət-ənənələrindən də istifadə ediblər:
“Adət-ənənələrinə, dövlətlərinin simvollarına uyğun hədiyyələr paylayırdılar. Mən ölkələrin valyutalarını toplayıram. Yarışda iştirak edən ölkələrdən də pul kolleksiyama əlavə etdiklərim oldu. Xoşuma gələn o oldu ki, bütün ölkələrin nümayəndələri bir-birilərinə kömək edirdi, öz bilik və bacarıqlarını bölüşürdülər”.
Nihat üçün isə yarışdan ən yaddaqalan hissə komandanın adının səslənməsi olub.
Əlibali komanda yoldaşının sözlərini dəstəkləyərək bildirib:
“Ölkəmizin adının hallanması qürurverici idi. Özü də məhz 9 noyabr Bayraq Günündə qalib olmağımızı heç vaxt unutmayacağam. Çünki 85 ölkə içərisində Azərbaycanın adının hallanması, bayrağımızı dünya arenasında qaldıra bilməyimiz bizim üçün həqiqətən də çox xoş idi”.
“Yenidən birincilik üçün yarışa qatılacaqsınızmı?” sualına gəldikdə Əlibali deyir ki, gələcək illərdə də yarışlara qatılmağa çalışacaqlar:
“Yarışlara qatılmaqda komandamız üçün əsas məqsəd təcrübə qazanmaq, yeniliklər öyrənmək və özümüzü təkmilləşdirməkdir. Heç bir yer tutmasaq da, yaxud qalib olsaq da, əsas odur özümüzü inkişaf etdiririk”.
Əlibali, Hacı, Nihat gələcəkdə robotexnika üzrə təhsil alıb, Azərbaycana qayıtmaq, hazırladıqları layihələrin reallaşması üçün çalışmaq istəyirlər.