Logo

Heydər Əliyev və türk dünyası

26.11.2023 22:57 339 baxış
IMG

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasi xadim, tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi, daxili və xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində misilsiz rolu olmuşdur.

Məhz Ulu Öndərin dərin biliyi, böyük dövlətçilik təcrübəsi, bacarığı və fitri istedadı nəticəsində dövlətimiz vahid, müstəqil dövlət kimi fəaliyyətini davam etdirmiş, xarici ölkələr, xüsusilə türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri müstəvisində birgə əməkdaşlıq inkişaf etdirilmişdir.

Tarixdən məlumdur ki, müəyyən dövrlərdə türk dövlətləri arasında əlaqələr subyektiv səbəblərdən qırılmışdır. Ələlxüsus da, sovet dönəmində müəyyən dövrləri nəzərə almasaq, Türkiyə ilə münasibət, demək olar ki, olmamışdır. Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə münasibətlər isə İttifaq tərkibində sovet respublikaları olduğuna görə saxlanılmışdır. SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqil türk dövləti kimi dünya ictimaiyyətində tanınsa da, beynəlxalq aləmdə nüfuz qazana bilməmişdi. Ölkə daxilində baş verən çəkişmələr, dövlətin həm xaricdən, həm də daxildən parçalanma təhlükəsi, vətəndaş müharibəsi və s. amillər beynəlxalq aləmdə Azərbaycana olan inamın azalmasına səbəb olurdu. Bir sözlə, Azərbaycan dövlətçiliyinin taleyi təhlükə altında idi. Belə bir vəziyyətdə xalqı fəlakətdən qurtara biləcək təcrübəli dövlət xadimi Heydər Əliyev idi. 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gərgin siyasi fəaliyyəti, qətiyyəti, bacarığı nəticəsində Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoyuldu, sabitlik yaradıldı, dövlətçilik məhv olmaqdan xilas edildi, xarici siyasət strategiyası müəyyənləşdirilərək həyata keçirilməyə başlandı. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Prezidentin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi. 1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin, 1997-ci ildə Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığa dair sazişin, həmin ilin iyun ayında Qazaxıstana rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qarşılıqlı faydalı əməkdaşlıq quruldu. Türkmənistan Respublikası ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirən  Ulu Öndər 1994-cü ilin oktyabr ayında Türkmənistana rəsmi səfər etdi. Öz növbəsində Türkmənistan Respublikasının Prezidenti Saparmurad Niyazov da 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu. Səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı və mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Sonrakı illərdə digər sahələrdə də münasibətlər tənzimləndi və münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı. Bütün bunlar onu göstərir ki, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi tarixi rolu danılmazdır. Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamış, hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün bütün imkanları səfərbər etmişdir. Ulu Öndərin yorulmaz siyasi fəaliyyəti nəticəsində beynəlxalq diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar atılmış, bu münasibətlər yeni təməl üzərində qurulmuş, ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalanmışdır. Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri isə dövlətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edirdi. Həmin ilin sentyabr ayında TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşündə Ulu Öndər türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi etmişdir. Hər iki ölkə prezidenti türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edərək türk dövlətlərinin problemlərini müzakirə etmişlər. Ulu Öndər çıxışlarında türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. Daima “Biz bir millət, iki dövlətik” şüarı ilə çıxış edən Ulu Öndər türk dövlətləri arasında beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini öz siyasi fəaliyyəti ilə sübut etmişdir. Türkiyə dövləti də öz növbəsində Azərbaycan rəhbərinin nitqini və münasibətlərin inkişafında rolunu yüksək qiymətləndirmiş, məhz Heydər Əliyevin səyləri nəticəsində ikitərəfli diplomatik-siyasi münasibətlərin yeni təməl üzərində qurularaq inkişaf etdirilməsini vurğulamışdır. Dövlətlərarası qarşılıqlı münasibətlərin ən mühüm məsələləri Türkiyə dövlət və hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı geniş müzakirə edilmişdir. Ulu Öndər Türkiyə ilə diplomatik-siyasi münasibətlərin möhkəmləndirilməsinə Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi baxmışdır. O zaman Türk Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı vəzifəsində çalışan Doğan Gürəş Ulu Öndərin xidmətlərini yüksək qiymətləndirərək qeyd edirdi: “Türk milləti tarix boyunca zaman-zaman böyük sərkərdələrini meydana çıxarmışdır. Heydər Əlirzaoğlu da o böyük sərkərdələrdən biridir. Mustafa Kamal Paşa Türkiyəni düşdüyü girdabdan çıxardığı kimi Heydər Paşa da Azərbaycanı bu bəladan qurtaracaqdır”.

Ölkəyə rəhbərlik etdiyi dövrdə daima türk dövlətləri ilə səmimi münasibətlər yaradan, türk dünyası arasında birliyin təmin olunmasına  xüsusi önəm verən Ulu Öndər Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair yaradılmış beynəlxalq konsorsiumda da Türkiyənin fəal iştirakına çalışırdı. 1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə ilk müqaviləni (“Azəri-Çıraq-Günəşli”) imzalayanda Türkiyənin payı (TPAO şirkəti) cüzi  –  1,75 faiz idi. Bunun səbəbi türk şirkətinin müqavilə üzrə danışıqlara gec qoşulması, Qərb sərmayədarları ilə müqayisədə astagəllik etməsi olmuşdu. Lakin sonradan Heydər Əliyev Azərbaycanın layihədəki payı hesabına Türkiyəyə əlavə 5 faiz ayrılması barədə qərar verdi, yəni öz payından Türkiyənin payına əlavə etdi. Nəticədə Türkiyə “Əsrin müqaviləsi”nin mühüm iştirakçılarından birinə çevrildi. 1996-cı ildə Azərbaycanın imzaladığı ikinci böyük müqavilədə – “Şahdəniz” layihəsində Türkiyəyə daha yüksək  –  9 faiz pay ayrıldı. Ümumilikdə, Azərbaycanın ayrı-ayrı neft-qaz layihələrindən Türkiyə 35 faiz pay əldə etdi. Təsadüfi deyil ki, Ulu Öndər Xəzər dənizinə türk dövlətlərini birləşdirən amil kimi baxır və enerji ehtiyatları sahəsində onların əməkdaşlığını yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan-Türkiyə münasibətlərinə bir sıra siyasi üstünlüklər verir. Ulu Öndərin fikrincə, bu boru kəməri layihəsinin həyata keçirilməsi Türkiyə iqtisadiyyatının dirçəldilməsində, yeni iş yerlərinin açılmasında vacib rol oynamaqla yanaşı, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmalı idi. Heydər Əliyevin bu tərəfdaşlığa verdiyi ən böyük töhfə isə ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə üzərindən dünyaya açılması oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair bəyannamənin imzalanması Heydər Əliyevin türk dünyası qarşısında mühüm tarixi xidmətidir. Çünki əsas ixrac neft kəmərinin Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilməsi Ulu Öndərin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə gərgin danışıqlarda nümayiş etdirdiyi çevik diplomatiya hesabına mümkün olmuşdu. “Şübhəsiz, mənim ürəyimdən keçən arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi tək məndən asılı deyil. Konsorsiumda 11 xarici neft şirkəti var. Amma hər şeyi vaxtı gələndə həll edəcəyik”, – deyə o, 1996-cı il noyabrın 13-də Türkiyə jurnalistlərinə müsahibəsində bildirmişdi. Onun bilavasitə fəaliyyəti nəticəsində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yeni mərhələyə daxil olmuş, zənginləşmiş və inkişaf etmişdir. Heydər Əliyev türk dövlətlərinin əməkdaşlığına çalışaraq, region siyasətində onların söz sahibi olmaları istiqamətində fəaliyyət göstərmişdir. Ulu Öndər çıxışında qeyd edirdi: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də, tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir. 1918-ci ildə Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti müstəqil Azərbaycan Respublikası üçün örnəkdir”.

1999-cu ildə Ümummilli Lider Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə “Beynəlxalq Atatürk Sülh Mükafatı” təqdim olunmuşdur. Ulu Öndər özü də dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər verir, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab edirdi. Bu məqsədlə də 2001-ci ildə Bakıda Atatürk Mərkəzinin yaradılması haqqında Sərəncam imzalamışdır. Mərkəzin açılışında çıxış edən Heydər Əliyev qeyd edirdi: “Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır... Atatürkün  ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və Prezident kimi mənim fəaliyyətimdə çox böyük yer tutur”.

Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələrlə bağlı araşdırmalar aparan Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Əməkdar elm xadimi, professor  Nizami Cəfərov qeyd edir: “Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını vermişdir ki, buraya əsasən aşağıdakılar daxildir:

  • Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək;

– türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək;

  • türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.”

Türk dünyası dövlətləri ilə qurulan beynəlxalq əlaqələrin elmi-nəzəri, tarixi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini daima vurğulayan Ulu Öndər türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat - TÜRKSOY-un fəaliyyətinə də xüsusi qayğı göstərmişdir. Məlum olduğu kimi, bu təşkilat türk dövlətlərinin mədəniyyət nazirlərinin hələ 1992-ci ildə İstanbulda və Bakıda apardıqları danışıqlar zamanı əldə olunmuş razılığa əsasən yaradılmışdı. Yarandığı gündən TÜRKSOY-un fəaliyyəti Heydər Əliyevin diqqətini cəlb etmiş və o, Azərbaycanın türk dövlətləri ilə səmimi münasibətlərini dünyada gedən inteqrasiya proseslərinin tərkib hissəsi kimi dəyərləndirərək mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsini təmin etmək məqsədilə TÜRKSOY-un fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyələrini vermişdir. Əgər TÜRKSOY-un yarandığı ilk vaxtlarda təşkilatın fəaliyyətində əsas ağırlıq mərkəzi Türkiyə Cümhuriyyətinin üzərinə düşürdüsə, 1994–1995-ci illərdən başlayaraq vəziyyət nisbətən bərabərləşdi, yəni, ağırlıq mərkəzi həm də digər türk respublikalarının, xüsusən də Azərbaycanın üzərinə düşdü. Bu da Ulu Öndərin bütün türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın çoxtərəfli əsasda inkişaf etdirilməsi təşəbbüsləri və bu istiqamətdə görülən tədbirlərlə bağlı idi. Şair, yazıçı-ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenov Ulu Öndərin bu xidmətini yüksək qiymətləndirmişdir: “Heydər Əliyev, mən Sizə həmişə böyük hörmətlə yanaşmışam və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan xalqı üçün, Yer üzündəki bütün türk xalqları üçün qədir-qiymətinizi bilirəm. ...Çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə imkan xalqlara min ildə bəlkə də bir dəfə verilir və onu əldən buraxmaq olmaz. Ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında azad və məşhur insanlar olsunlar. Heydər Əliyev, Sizin kimi rəhbərlərin xidməti məhz bundan ibarətdir. SSRİ-nin “yenidənqurma eşqinə düşən” rəhbərliyi peşəkarları vəzifədən uzaqlaşdıraraq, yeni dövlətlərin müqəddəratını naşıların və kütlənin öhdəsinə buraxmaqla xalqları separatçılıq, vətəndaş müharibələri və etnik təmizləmələr faciəsinə düçar etdilər. Tacikistan, Özbəkistan, Qırğızıstan, Moldaviya, Gürcüstan, Azərbaycan, Çeçenistan... Yüz minlərlə insan öldürüldü, milyonlarla adam vətənindən didərgin salındı. Mən əminəm ki, əgər 80-ci illərin axırları 90-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycana rəhbərliyi davam etdirsəydi, nə Ermənistan-Azərbaycan münaqişəsinə, nə də Sumqayıt hadisələrinə yol verməzdi. 1990-cı ilin yanvarında general Varennikovun tankları Bakıya yeridilməzdi. 1992–1993-cü illər müharibəsində Qarabağ itirilməzdi”.

Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir. Nəşriyyatlarla müştərək iş birliyi, kitabxanalar arasında əlaqələr, şeir müsabiqələri, muğam festivalları, iki ölkənin birgə təşkil etdiyi beynəlxalq konfranslar, qurultaylarda yazıçı və şairlərin qarşılıqlı iştirakı, türk incəsənət ustalarının Bakıya səfərlərinin təşkili və s. tədbirlər Türkiyə-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Hazırda Ulu Öndərin bu siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun türk dünyası dövlətlərinin birliyi, qardaşlığı və həmrəyliyi uğrunda gərgin və yorulmaz fəaliyyəti öz bəhrəsini verməkdədir. Prezident özü bu barədə Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında bildirmişdir: “Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq, görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.

Beləliklə, Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı inamla zəfərlərə doğru  apardı və indi də aparmaqdadır. Xarici siyasətində dövlətinin milli maraqlarını həmişə uca tutan Prezidentimiz xalqın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı kimi Ermənistanı məğlub edərək küncə sıxışdırmağı bacardı, xalqın etimadı ilə, rəşadətli ordunun qüvvəti ilə itirilmiş torpaqlarımızı geri qaytarmağı bacardı, tarixi ədaləti bərpa etdi.  44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu Öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır və bu savaşda türk qardaşlarımızın dəstəyi böyükdür. Bu dəstəyin nəticəsidir ki, 2021-ci il noyabr ayının 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni” təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Bu il iyun ayının 12-də isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib    Ərdoğanın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasına səfəri həm tarixi-siyasi mahiyyətinə, həm də mənəvi dəyərlərinə görə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir və Türkiyə Prezidentinin 28 mayda təkrar prezident seçilməsindən sonra xarici ölkəyə ilk səfəridir. Hər iki prezidentin seçkilərdən dərhal sonra məhz bir-birinin ölkəsinə səfər etməsi artıq Azərbaycanda və Türkiyədə illərdir ki, davam edən dövlət ənənəsidir. Bu ənənə, öz növbəsində, Ulu Öndərimizin Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətinin nəticəsidir. Bu yaxınlarda isə cəmi 24 saatdan da az müddət ərzində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Böyük fəxarət hissi ilə deyə bilərik ki, dövlətimizin şərəfini uca tutan prezidentimizin qətiyyəti və şanlı ordumuzun rəşadəti nəticəsində separatçılar ağ bayraq qaldıraraq dövlətimizin ərazi bütövlüyünü tanımağa məcbur oldular. Ermənipərəst beynəlxalq dairələrdə Azərbaycan Respublikasının antiterror əməliyyatı keçirərək ərazilərini separatçılardan azad etməsi birmənalı qarşılanmasa da, Türkiyə-Azərbaycan müttəfiqliyi öz sözünü dedi. Sentyabr ayının 25-də Naxçıvanda görüş zamanı Azərbaycan və Türkiyə liderləri Qarabağda keçirilən antiterror əməliyyatının nəticələrini, oradakı son vəziyyəti müzakirə edərək bəyanatla çıxış etdilər. Çıxışı zamanı Can Azərbaycanda olmaqdan və Azərbaycanla həmrəy olmaqdan məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir: “Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən 3 ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur”.

Beləliklə, Türkiyə tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təsdiqi, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, bölgədə sülh, sabitlik və rifahın yaranması hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də o deməkdir ki, Ulu Öndərin Azərbaycan-Türkiyə qardaşlığı, türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Türkiyə-Azərbaycan dostluğu! Yaşasın Türk Dünyası

Sultanəli Qurbanov,

ADPU-nun dosenti, YAP Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının sədri

Xəbər lenti