Logo

AzTU tələbələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqaüdünə layiq görülüb

27.11.2023 10:19 182 baxış
IMG

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş müvafiq bəndin icrası ilə əlaqədar universitetin informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bakalavr və magistr tələbələri üçün növbəti müsabiqə keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan iki mərhələli müsabiqədə tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərinin yoxlanılması və təqaüdlərin verilməsi nəzərdə tutulub.

Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin (bakalavriat səviyyəsi) 3-cü kurs tələbələri Orxan Cəfərov, İsmayıl Hüseynli və 4-cü kurs tələbəsi Rəvan Abdinov, “SABAH Magistratura” proqramının (kibertəhlükəsizlik ixtisası üzrə) 2-ci kurs tələbəsi Aytac İbrahimova xüsusi fərqləniblər.

Qaliblər Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılıb. Bununla yanaşı, onlar təcrübə proqramından da yararlanacaqlar.

Qeyd edək ki, memorandum çərçivəsində növbəti semestrlərdə də xüsusi fərqlənən tələbələrə təqaüdlərin verilməsi üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti