Logo

“ARB 24 NewsLab" təlim proqramını uğurla başa vuran BDU tələbələri mükafatlandırılıb - FOTO

27.11.2023 17:22 274 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramı başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Proqramı uğurla bitirən BDU tələbələri sertifikatlarla təltif ediliblər.

Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "ARB 24 NewsLab" təlim proqramının tələbələr üçün geniş imkanlar yaratdığını, nəzəri bilikləri praktiki şəkildə tətbiq etmək üçün əlverişli platforma rolunu oynadığını qeyd edib. Bildirib ki, BDU və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi tələbələrin etik kodekslər, nəzəri biliklər, praktik bacarıqlar və peşəkarlıq məsələləri çərçivəsində düzgün inkişafını təmin edir. Hazırda regionda operativ və dəqiq informasiya mənbələrindən birinə çevrilmiş “ARB 24” telekanalı beş ildir ki, uğurlu fəaliyyəti ilə televiziya məkanında layiqli yerini tutmaqdadır. Vüqar Əliyev Jurnalistika fakültəsində “ARB 24” telekanalı tərəfindən yaradılacaq “NewsLab” tədqiqat laboratoriyasının da tələbələrə geniş imkanlar yaradacağına əminliyini ifadə edib.

“ARB 24” telekanalının direktoru Radik İsmayılov BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan və 3 ay davam edən layihə zamanı tələbələrə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edən biliklərin aşılandığını, hər il proqrama dəyişikliklər edildiyini, təcrübənin təkmilləşdirildiyini vurğulayıb. Qeyd edib ki, artıq ikincisi başa çatan təlim proqramının I mərhələsində 4, II mərhələsində isə 5 BDU tələbəsi “ARB 24” telekanalında işlə təmin olunub. Radik İsmayılov IV kurs tələbələrini gələn ilin fevral-mart aylarında başlayacaq III təlim proqramında xüsusi aktivlik göstərməyə səsləyib.

Daha sonra çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Qulu Məhərrəmli tələbələrə yaradılan geniş imkanlar üçün Universitet və “ARB 24” telekanalının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda "ARB 24 NewsLab" təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar verilib.

Xəbər lenti