Logo

Təcili tibbi yardım xidmətində geosistemlərin tətbiqi ilə bağlı tədqiqatlar aparılır

27.11.2023 20:48 294 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin tətbiqi ilə bağlı tədqiqatlar aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə institutun Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov onlayn seminarda məlumat verib. Tədqiqatçı mövzuya dair çıxış edərək təcili tibbi yardım xidmətinin tarixindən bəhs edib. Bildirib ki, dünyada ilkin tibbi yardım xidməti XIX əsrin sonlarında, Azərbaycanda isə ötən əsrin 20-ci illərində yaradılıb.

A.Səmidov müxtəlif ölkələrdə təcili tibbi yardım xidmətinin fəaliyyətinin regiondan və səhiyyə sistemindən asılı olaraq bir sıra problemlərlə üzləşdiyini söyləyib: “Təcili tibbi yardım xidmətlərinin qarşılaşa biləcəyi bəzi çatışmazlıqlara reaksiya müddəti, uzaq ərazilərə getməkdə çətinliklər, resurs çatışmazlığı, zəif koordinasiya, eləcə də effektiv olmayan informasiya sistemləri aiddir. Bu çatışmazlıqların aradan qaldırılması koordinasiya, maliyyə, texniki təchizat və kadr hazırlığının təkmilləşdirilməsini tələb edir. KFGS kimi müasir texnologiyaların tətbiqi də təcili tibbi yardım xidmətlərinin səmərəliliyini və əlçatanlığını təmin edə bilər”.

Tədqiqatçı kiberfiziki geosistemin yaradılması metodologiyası haqqında da məlumat verib. Onun sözlərinə görə, bu proses geoməkan məlumatlarının toplanması və təhlili, tibbi informasiya sistemləri ilə inteqrasiya, marşrutun optimallaşdırılması və göndərilməsi, teletibbin tətbiqi, eləcə də kadr hazırlığı və sistemin sınaqdan keçirilməsindən ibarətdir.

A.Səmidov qeyd edib ki, təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin yaradılması tibbi yardımın əlçatanlığı və operativliyinin təmin edilməsi, nəticədə əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyətə malikdir.

Xəbər lenti