Noyabrın 23-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda mühazirə keçirilib.
Tehsil.biz xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən mühazirədə məktəbin müəllim və şagird kollektivi üzvləri, MDU-nun bir qrup əməkdaşı iştirak edib.
Tədbirin açılışında məktəbin direktor əvəzi Nurlan Qəribov və MDU-nun Təhsil fakültəsinin dekan müavini Flora Namazova çıxış ediblər. Açılış nitqlərində vurğulanıb ki, məktəblilər üçün təşkil edilən hazırki mühazirələr müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider, dünya miqyaslı siyasətçi Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənclər arasında təbliği istiqamətində görülən işlərə töhfə məqsədi daşıyır.
Sonra proqrama uyğun olaraq mühazirələr dinlənilib.
MDU müəllimlərindən Flora Namazova “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti”, Namaz Manafov “Heydər Əliyev və Azərbaycan dili” və Vüsalə Mövlayeva “Heydər Əliyev irsindən güc alan tarixi Zəfərimiz” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsiləvi tədbirlər keçirilir.