"Yaxın vaxtlarda Gəncə və Lənkəran məktəblərində müşahidə kameraları quraşdırılacaq".
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, Dövlət Agentliyinin tabeliyində 6000-ə yaxın təhsil müəssisəsi var:
"Təəssüf ki, arzu və resurslar bəzən üst-üstə düşmür. Təbii ki, həmin müəssisələrin hamısında təhlükəsizlik üçün müşahidə kameralarının olmasını arzulayardıq. Bu gün "Məktəblinin dostu" layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə müşahidə kameraları quraşdırılıb. Gəncə və Lənkəran da bu layihəyə qoşulacaq. Bununla da kamera quraşdırılacaq məktəblərin sayı artırılacaq. Ümumilikdə, sözügedən məsələ gündəliyimizdədir".
Mərcanə Əsədova