“Hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə il boyu 68 saat və həftədə 2 saat olmaqla “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur”.
Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki. fənnin tədrisi Gənclərin İbtidai Hərbi hazırlıq Əsasnaməsinin 29 may 1998-ci il qərarına uyğun olaraq tənzimlənir:
“Fənni tədris edən müəllimlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi hazırlıq və fiziki təlim fakültəsini bitirən məzunlar və eyni zamanda silahlı qüvvələrdən ehtiyata buraxılan zabitlərdir. Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Yeniyetmə və gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var”.
Təhsil eksperti qeyd edib ki, sözügedən dərslərin keçirilmə şəraiti, bu dərs üçün ayrılan otağın lazımi avadanlıqlarla təchiz edilməməsi, şagirdlərə nəzəri biliklər öyrədilərkən onlara praktik dərs keçmək üçün hərbi vəsaitlərin olmaması tədrisin keyfiyyətli olmayacağını göstərir:
“Apardığımız araşdırmalar göstərir ki, orta məktəblərin X və XI siniflərində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən ehtiyatda olan zabitlər də şagirdlərin dərslikdəki mövzuları mənimsəməkdə çətinlik çəkdiklərini bildirirlər. Eyni zamanda müəllimlər, həm dərslik, həm də müəllim üçün vəsaitin anlaşılmayan terminlərlə “bol olmasından” gileylənirlər. Başqa sözlə, məzmun baxımından çox çətin anlaşılan dərslikdəki mövzular sanki orta məktəb şagirdlərinə deyil, hərbi hissədə zabitlərə keçirilən mövzuları xatırladır.
Bundan başqa dərsliyin “Taktiki hazırlıq” bölməsində 11-ci sinif şagirdlərinə taqım hazırlığı səviyyəsində mövzuların salınması məntiqə uyğun deyil. Əvvəlki dərsliklərdə mina hazırlığı mövzusunda tank və piyada əleyhinə minalar haqqında qısa və yığcam məlumat verilsə də, hazırkı dərslikdə şagird səviyyəsində anlaşılmayan, ordunun mühəndis-istehkam xidmətinin mütəxəssislərinin bilməli olduqları bütün minalar öz əksini tapıb.
“Hərbi topoqrafiq” mövzusunda əvvəlki dərslikdə kompas vasitəsilə üfüqün cəhətlərinin təyin edilməsi və azimut istiqamətində hərəkət anlaşılan səviyyədə verildiyi halda yeni dərslikdə bu mövzu mürəkkəbləşdirilib, başqa sözlə desək Ali Hərbi Məktəbdə tədris edilən topoqrafiya mövzusuna yaxınlaşdırılıb”.
K.Əsədov diqqətə çatdırıb ki, son zamanlar aktuallaşan kimyəvi, bioloji, bakterioloji və nüvə təhlükəsizliyi, pandemiyalar və epidemiyalar dövründə davranış mövzusudur:
“10 və 11-ci siniflər üçün “Gənclərin Çağırışaqədərki Hazırlığı” dərsliyi “Təhlükəsizlik və Fövqəladə Hallarda İnsanların Mühafizəsi” bölməsində bu mövzulara diqqət yetirilmir.
Bunlarla yanaşı qeyd edim ki, şagirdlərdə hərbi sahədə bir çox bacarıqları formalaşdırmaq məqsədilə il boyu hərbi rəhbərlər tərəfindən virtual silahdan atış qaydaları, AK-74 avtomatının natamam sökülüb yığılması, darağa patronun doldurub boşaldılması qaydaları öyrədilir. Təlim minaları, təlim qumbaralarının təyinatı və quruluşu haqqında məlumatlar verilir, mülkü müdafiə hazırlığı üzrə əleyhqazın geyinib çıxardılması və ilk tibbi yardım qaydaları, yaralının təhlükəli zonadan çıxarılması qaydaları praktik olaraq yerinə yetirilir.
Eyni zamanda il boyu məktəblərimizdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə hərbi idman oyunları təşkil olunur”.
Ekspert əlavə edib ki, əvvəllər ali təhsil müəssisələrdə mövcud olan hərbi kafedralar yenidən bərpa edilməlidir:
“Ali təhsilli şəxslərə hərbi dərslər, hərbi bilik və bacarıqlar aşılanmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq, hər kəs ilkin hərbi bilik və bacarıqlara sahib olmalıdır”.