Logo

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsahibə elan edilir

28.11.2023 16:05 193 baxış
IMG

Noyabrın 28-də inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan, ümumilikdə 45 dövlət orqanında 191 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsabiqənin müsahibə mərhələsinə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (21 vəzifə) və Dövlət Turizm Agentliyi (17 vəzifə) tərəfindən təqdim olunub.

Ümumilikdə, müsahibəyə çıxarılmış 191 vakant inzibati vəzifənin 3-ü AB, 19-u AC, 40-ı BA, 129-u isə BB vəzifə qrupuna aiddir.

Eyni zamanda, müsabiqənin müsahibə mərhələsi elan edilən vəzifələrdən 38-i Naxçıvan Muxtar Respublikasının 9 dövlət orqanı tərəfindən təqdim edilib.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyadan olan şəxslər iştirak hüququna malikdirlər:

• Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

• Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

• Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər dekabrın 27-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında olmaqla müəyyən edilib.

Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda “Şəxsi kabinet”inə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaq.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Xəbər lenti