Logo

MDU əməkdaşları DIRNA Erasmus+ layihəsi çərçivəsində Türkiyədə təlimlərdə iştirak ediblər - FOTO

28.11.2023 18:06 105 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində 2023-cü il noyabrın 15-17-də İzmir Yüksək Texnologiya İnstitutunda (İYTE) birinci təhsil turu təşkil olunub.

Tehsil.biz xəbər verir ki, Azərbaycandan 8 universitetin nümayəndələrinin iştirak etdiyi təhsil turunda MDU-nu Xarici dillər kafedrasının müəllimi Samirə Əhmədova və İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova təmsil edib.

MDU təmsilçiləri təhsil turu zamanı keçirilən təlim və görüşlərdə fəal iştirak ediblər. Təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində araşdırılan keyfiyyətli tədqiqat işlərinə əlçatanlığın təmin edilməsi üçün Türkiyə təcrübəsindən yararlanmaq olub. Tur çərçivəsində  İYTE kitabxanasının təşkilatçılığı ilə GCRIS texniki infrastruktur, açıq elmə baxış, Türkiyədə açıq elmin inkişafı və institusional arxivlərin inkişafı mövzularında təqdimatlar keçirilib.

Bununla yanaşı, Azərbaycan universitetlərinin nümayəndələri İYTE-nin rektoru professor Yusuf Baranla görüşüblər. Görüşdə iki qardaş ölkə arasında ali təhsil müəssisələrinin əməkdaşlığı haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA layihəsi institusional repozitoriyalar (elektron arxiv) şəbəkəsinə açıq girişin təmin edilməsi yolu ilə tədqiqat nəticələrinin idarə edilməsi üzrə potensial yaratmaq məqsədi daşıyır.

Xəbər lenti