Logo

"Refleksiv müəllim” layihəsi üzrə seminarlar keçirilib

28.11.2023 20:19 182 baxış
IMG

Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) 61 və 99 nömrəli tam orta məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə seminarlar keçirib.

ARTİ-dən "Tehsil.biz"ə bildirilib ki, noyabrın 22-də 61 nömrəli tam orta məktəbdə təşkil olunan seminar riyaziyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. Seminarda məktəbin ibtidai sinif müəllimi Qızbəsti Xankişizadə IV sinif “Riyaziyyat” dərsliyində olan “Ədədin bölənləri və bölünənləri” mövzusu üzrə icmal təqdim edib.

Seminar zamanı dərsin planlaşdırılması, metodik vəsaitdən istifadə qaydası, tapşırıqların təlim nəticəsinə uyğunluğu, dərsdə istifadə olunan tapşırıqların sayı və məzmunu, fərdi, kollektiv və qruplar üzrə iş formaları, formativ qiymətləndirmənin aparılması məsələləri müzakirə edilib.

Noyabrın 27-də 99 nömrəli tam orta məktəbdə təşkil olunan seminar isə ingilis dili fənni üzrə keçirilib. Məktəbin müəllimi Mətanət Manafı IV sinif “İngilis dili” dərsliyində olan “İlin ayları” mövzusunda icmal təqdim edib.

Seminarda dərsin məqsədi və qiymətləndirmə arasında əlaqə, tapşırıqların seçilməsi, fənlərarası inteqrasiya, dərsin mərhələləri, özünüqiymətləndirmə, formativ qiymətləndirmənin üsul və vasitələri, yaradıcı tətbiqetmə, refleksiyanın aparılması məsələləri müzakirə olunub.

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Xəbər lenti