Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası dekabrın ilk 3 günü üçün kosmik hava proqnozunu açıqlayıb.
BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, ötən üç sutka ərzində bir çox C sinif (Yerə təsir edə bilməyən) alışmalar baş versə də, Günəş aktivliyi aşağı səviyyədə olub. M (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların baş verməsi ehtimalı aşağıdır. Planetlərarası maqnit sahəsi və Günəş küləyinin sürəti norma daxilindədir.
Dekabrın 1-də səhər saatlarında maqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalı 5-6 intervalında olacaq, günortadan etibarən 3-4 intervalına qədər azalacaq. Hazırda geomaqnit sahə G1 səviyyəli geomaqnit qasırğası səviyyəsindədir. Yüksək en dairələrində isə G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur. Dekabrın 2-də gecə saatlarında Kp əmsalı 4-5 olacaq, sonra isə azalaraq 2-3 intervalında dəyişəcək. Dekabrın 3-də isə geomaqnit sahənin sakit olacağı proqnozlaşdırılır.