Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyətinin ADU ilə birgə təşkilatçılığı ilə “Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri” kitabının müzakirəsi keçirilib.
Bu barədə "Tehsil.biz"ə Dillər Universitetindən bildirilib.
Tədbirin moderatoru BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştirakçılarını salamlayıb, müzakirənin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Eldar Əzizovun bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat “Difai” (Müdafiə) Partiyasının yaradılması və fəaliyyətinin tarixi tədqiq edilir.
Bildirilib ki, ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir.
ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan tarixində özünəməxsus yeri və rolu olan “Difai” təşkilatı ilə bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, əsərdə “Difai”nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur.
“Bu kitab kafedralarda, dekanlıqlarda, auditoriyalarda tələbələrimizə təqdim olunmalı, onların tariximizlə, müstəqillik mübarizəmizlə bağlı fikirlərinə yeni baxış, yeni işıq saçmalıdır.
Bu gün Azərbaycan xalqı qalib xalq kimi uzun illərin mübarizəsinin məntiqi yekunu kimi azad və xoşbəxt yaşayır. Bu yolda canlarını Vətən uğrunda qurban verən igid qəhrəmanlarımızı heç vaxt unutmamalı, onların fəaliyyətini daima qeyd etməli və xatirələrini əziz tutmalıyıq”.
Daha sonra “Azərbaycanşünaslıq” EM-nin baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, AMEA-nın Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru İradə Bağırova, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Muxtar Mustafayev, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Eyyubov, Milli Tarix muzeyinin icraçı direktoru, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov, Beynəlxalq münasibətlər ixtisasının doktorantı Rəfi Qurbanov, Roman dilləri ixtisasının doktorantı Ayyət Abdullayev məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, “Difai” yaxşı təşkilatlanmış və silahlanmış “Daşnaksutyun”un müqabilində müdafiə təşkilatı kimi yaradılmışdı. Əslində bu təşkilatın yaradılmasına sövq edən amil də bundan ibarət idi.
Lakin partiya təkcə hərbi məqsədlər güdmürdü. Bu, partiyanın proqramından da görünürdü. Həmin proqramın layihəsi 1906-cı ildə Ə.Ağayev tərəfindən dərc edilən “İrşad” qəzetinin 213- cü nömrəsində dərc edilmiş, həmçinin jandarm məlumatlarında qalmışdır.
Bu layihəni bəndlər üzrə dəqiq ifadə edilmiş proqram adlandırmaq çətin olsa da, partiyanın əsas məqsəd və vəzifələri, eləcə də onlara çatmaq yolları burada kifayət qədər aydın şərh edilmişdir.
Partiya öz xalqını erməni-müsəlman münaqişələrindən xilas etməyi və onu maarifləndirməyi özünün başlıca və əsas məqsədləri elan edirdi. Bu məqsədə çatmaq üçün partiyanın iki vasitəsi vardı: təhsil və güc, yəni partiya öz xalqına təhsil verməyə, nadan kütlələri maarifləndirməyə, digər tərəfdən güc vasitəsilə onu xarici düşmənlərdən və hökumətdəki satqınlardan xilas etməyə şərait yaratmalıdır.
Tədbir tələbələrin sualları ilə davam edib.