Logo

Qadın dini ayinlərin icraçıları ilə növbəti maarifləndirici görüş keçirilib - FOTO

01.12.2023 11:46 199 baxış
IMG

Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təyinat almış qadın dini ayinlərin icraçıları ilə növbəti maarifləndirici görüş keçirilib.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, onlayn formatda keçirilən görüşdə DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov və qadın dini ayinlərin icraçıları iştirak ediblər.

"Dini həyat və müasir fiqhi məsələlər" mövzusuna həsr olunan görüşdə İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, ailə dəyərləri, erkən nikahla mübarizənin vacibliyi kimi məsələlərə toxunulub. Bildirilib ki, evlilik, birgəyaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan xurafat və cəhalətdir. Erkən nikahı bəzən İslam dini ilə bağlamağa çalışırlar. Lakin heç bir dində, müqəddəs kitablarda erkən nikahlara çağırış yoxdur. Həmçinin qadın dini ayinlərin icraçılarının bu istiqamətdə üzərlərinə düşən missiyanı uğurla həyata keçirmələrinin vacibliyi nəzərə çatdırılıb.

Görüş iştirakçıların din və şəriətlə bağlı verdiyi sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, DQİDK tərəfindən cəmiyyətdə dini baxışların sağlam müstəvidə formalaşdırılması, cəhalət, xurafat və mövhumat kimi elementlərin qarşısının alınması və qadın dini ayinlərin icraçılarının bu istiqamətdə fəallığının artırılması məqsədilə maarifləndirici görüşlər keçirilir.

Xəbər lenti