Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsil alan əcnəbi tələbələr üçün İnteqrasiya Proqramı haqqında məlumatlandırma sessiyası keçirilib.
ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, sessiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) və Dövlət Miqrasiya Xidməti ilə birgə Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı çərçivəsində reallaşdırılıb.
Görüşdə MSİBM layihə koordinatoru Lamiyə Rzayeva-Əhmədli, eksperti Eşqin Tanrıverdi, milli inteqrasiya məsləhətçisi Emin Mehdizadə və Gülnarə Pənahova, təcrübəçisi Dinar Musayeva iştirak ediblər. İştirakçılar layihə çərçivəsində MSİBM-in fəaliyyət istiqamətləri, əcnəbi tələbələrin yararlana biləcəyi, həmçinin inteqrasiya proqramı xidmətlərindən və xidmətləri dəstəkləyən dövlət və qeyri-dövlət qurumlarından bəhs ediblər.
Məlumatlandırma sessiyasında Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin İnteqrasiya Proqramı çərçivəsində, əməkdaşlığa dəstək verən Azərbaycan Respublikası Mərkəzi Bankı Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da iştirak edib. O, maliyyə savadlılığının əsasları ilə yanaşı, miqrant tələbələr üçün Azərbaycanda bank məhsullarına çıxış və istifadənin yolları haqqında ətraflı məlumat verib.
Görüşdə ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova və universitetin əcnəbi tələbələri ilə fikir mübadiləsi aparılıb.