Logo

ADNSU ilə VİQ arasında Rəhbər Komitənin iclası keçirilib

01.12.2023 20:13 224 baxış
IMG

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universitetinin Vorvik İstehsalat Qrupu (VİQ) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının fəaliyyətinin təmin edilməsi məqsədilə Rəhbər Komitənin (RK) iclası keçirilib. 

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, onlayn və oflayn formatda keçirilən görüş çərçivəsində Rəhbər Komitənin tərkibində həmsədr üzvlər kimi ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və Vorvik İstehsalat Qrupunun dekan müavini Professor Dan Nunan və digər Rəhbər Komitə üzvləri iştirak ediblər. Səsvermə hüququ olan üzvlər qismində VİQ nümayəndələrindən Gareth Roberts (Xüsusi Layihələrin rəhbəri), Doktor Phillip Lewis (Proqram Direktoru), Professor Steve Maggs (Məzunlar və Sənaye sahələri üzrə Direktor), Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikası Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova iştirak ediblər.

İclasda səsvermə hüququ olmayan və Rəhbər Komitə üzvü sayılmayan, lakin layihədə tərəfdaş və ya iştirakçı qismində Turan Topalova (“2019-2023-cü illər Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri), Rafiq Əliyev (ADNSU-nun Elm və Təhsil üzrə Analitik Mərkəzin (ETAM) İnteqrasiya və Akkreditasiya şöbəsinin rəhbəri, Proqramın Baş direktoru), Fərid Kazımov (BA Proqramları əməkdaşı, Proqram katibi), Emin Hüseynzadə (Layihələrin İdarə edilməsi Ofisi, Proqramın mühasibi) və Leyla Həsənova (BA Proqramları əməkdaşı, Proqramın Qəbul və Təcrübə üzrə koordinatoru) iştirak ediblər.

İclasda giriş nitqi ilə çıxış edən dosent Vazeh Əskərov qonaqları salamlayaraq Rəhbər Komitədə üzv olan yerli həmkarları təqdim edib. İkili Diplom Proqramının həm universitet, həm də ölkə üçün əhəmiyyətini qeyd edən dosent Vazeh Əskərov layihənin gələcək fəaliyyəti üçün zəruri olan 1-ci RK iclasının baş tutmasını əlamətdar hadisə kimi qiymətləndirib.

Gareth Roberts də iclas iştirakçılarını salamlayaraq VİQ heyətinin Rəhbər Komitə üzvlərini iclas iştirakçılarına təqdim edib və layihənin uğurlu olacağına əminliyini bildirib. Daha sonra müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və DPİQ rəhbəri Turan Topalova İkili Diplom layihəsinin əhəmiyyətindən danışıblar.

İclasda ETAM-ın İnteqrasiya və Akkreditasiya şöbəsinin rəhbəri Rafiq Əliyev proqram haqqında təqdimatla çıxış edib.

İclasda RK üzvləri arasında aparılan müzakirə zamanı İkili Diplom Proqramının davamlı və ardıcıl fəaliyyətinin təmin olunması ilə bağlı atılacaq əsas addımlar bir daha diqqətə çatdırılıb və tərəflər arasında müvafiq işlərin icrası istiqamətində razılaşma əldə olunub.

Xəbər lenti