Logo

“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb - FOTO

01.12.2023 20:29 187 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər" mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Konfransın bağlanış mərasimində çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, beynəlxalq tədbirə Azərbaycan alimləri ilə bərabər, 25 ölkədən 51 iştirakçı qatılıb. Ümumilikdə konfransa 149 məruzə daxil olub. Plenar iclaslarda 16, bölmələrdə isə 100-dən artıq məruzə dinlənilib. Konfrans zamanı elmi tədqiqatların müasir çağırışlara cavab verən yeni istiqamətləri barədə fikirlər səsləndirilib, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə ildən-ilə konfransın əhatə dairəsinin və elmi səviyyəsinin yüksəldiyini qeyd edib. Diqqətə çatdırıb ki, konfrans Azərbaycanın gələcək inkişafı və beynəlxalq əlaqələri baxımından mühüm əhəmiyyətə malikdir.

Mərasimdə iştirak edən xarici ölkə nümayəndələri konfransın yüksək səviyyədə təşkil olunduğunu, müzakirə olunan məsələlərin aktual olduğunu qeyd edib, təşkilatçılara təşəkkürlərini bildiriblər.

Sonda konfransın işində fərqlənən alimlərə sertifikatlar təqdim olunub.

Xəbər lenti