Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tehsil.biz xəbər verir ki, görüşdə Audiovizual Şuranın, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak etmişlər. Görüşün təşkil olunmasında məqsəd audiovizual yayımda qanunvericiliyin tələblərinə riayət olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində regional yayımçıları maarifləndirmək, bununla da audiovizual mediada ictimai maraqların qorunması işinə töhfə verməkdir.
Dəyirmi masa iştirakçılarını salamlayan Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə regional medianın inkişafının vacibliyindən, regional yayımçıların öz fəaliyyətlərində ictimai maraqların qorunması məsələsini diqqətdə saxlamasının əhəmiyyətindən, bu məqsədlə Audiovizual Şuranın həyata keçirdiyi fəaliyyətdən danışmışdır.
Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov hər bir sahədə olduğu kimi, audiovizual media sahəsində də maarifləndirmə işlərinin əhəmiyyətindən danışmış, Mingəçevirdə belə tədbirin keçirilməsinə görə Audiovizual Şuraya təşəkkür etmişdir.
Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda maarifləndirici təqdimatla çıxış etmişlər.
Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova audiovizual mediada ictimai maraqların qorunması sahəsində əsas diqqətin dezinformasiya ilə mübarizəyə yönəldilməsinin vacibliyini vurğulamış, media subyektlərinin sağlam mühitdə fəaliyyətinin təmin olunmasının zəruriliyini qeyd etmişdir.
QHT nümayəndələri mediada ictimai maraqlar, uşaq hüquqlarının müdafiəsi və digər sosial-ictimai əhəmiyyət kəsb edən mövzulara toxunmuşlar.
Görüşdə iştirak edən regional televiziya və radio yayımçılarının nümayəndələri bu sahədə qarşılaşdıqları çətinliklərdən danışmış, media savadlılığının və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışlar. Qarşılıqlı fikir mübadiləsi və müzakirə formatında keçən görüşün sonunda Audiovizual Şuranın nümayənədləri yayım zamanı ictimai maraqların qorunması və qanunvericiliyə əməl olunması istiqamətində yayımçıları maraqlandıran sualları cavablandırmışlar.