Logo

Turizm və Menecment Universitetində VIII respublika elmi-praktik konfransı keçirilib - FOTO

01.12.2023 23:00 150 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VIII respublika elmi-praktik konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Tədbirdə çıxış edən universitetin rektoru İlham Mədətov bildirib ki, idarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin rolu böyükdür. İdarəetmə məktəbləri nəzəri biliklərin formalaşmasında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin verilməsi istiqamətində müstəsna rola malikdir. Ali təhsil müəssisəsində effektiv idarəetmənin əsas funksiyalarından biri təşkiletmədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir. Bu funksiya fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə keçidi ifadə edir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi əlaqələri müəyyən edir, onların fəaliyyət qaydalarını və şərtlərini müəyyənləşdirir.

Rektor İ.Mədətov konfransa təqdim edilən məruzələrdə ilkin şərt kimi idarəetmənin keçmişdən indiki dövrümüzə qədər olan təkamül yolunun tədqiqi, idarəetmənin inkişafı və təkmilləşdirildiyi bir şəraitdə müasir idarəetmə nəzəriyyələri və konsepsiyalarının öyrənilməsi, eyni zamanda, müasir idarəetmədə tətbiqi imkanlarının araşdırılmasından məmnunluğunu bildirib.

Universitetin Elm və innovasiya şöbəsinin müdiri dosent Nəsirulla Nəsirli “Ali təhsil sisteminin inkişafının əsas istiqamətləri” mövzusunda çıxışında bildirib: “Bazar şəraitində hər hansı bir təşkilatın, o cümlədən təhsil müəssisəsinin uğurlu fəaliyyəti yalnız xidmət və məhsulların keyfiyyətinin yüksəldilməsinə yönəlmiş fəaliyyətin təkmilləşdirilməsi üçün daimi tədbirlər işlənib hazırlanaraq həyata keçirildikdə səmərəli olacaq. Keyfiyyətli işin və keyfiyyətin idarə edilməsinin faktiki vəziyyətinin dövri təhlili olmadan təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi mümkün deyil. Keyfiyyətin idarə edilməsi mexanizmi daim təkmilləşir”.

ATMU-nun professoru Məhərrəm Zülfüqarlı “Ümummilli Lider Heydər Əliyevin elmin inkişafında rolu (1969-2003-cü illər)” mövzusunda məruzəsində Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə elmin inkişafına göstərdiyi qayğıdan bəhs edib. Vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə öz idarəçilik prinsipinə sadiq qalaraq ölkənin mövcud problemlərinin həllində əlindən gələni əsirgəməyib.

Bölmə iclasları ilə davam edən konfransda 55 məruzə dinlənilib.

Xəbər lenti