Logo

Məktəblərdə yol hərəkəti qaydalarının təbliği ilə bağlı tədbirlər keçirilib - FOTO + VİDEO

01.12.2023 23:56 323 baxış
IMG

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişi əsasında orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği, təhlükəsizliyin gücləndirilməsi və maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, növbəti tədbir Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYP) təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə şagirdlər açıq hava şəraitində yol hərəkəti qaydalarına dair səhnəciklər nümayiş etdiriblər.

Burada onlar piyada keçidlərindən istifadəyə, avtobusa minib düşməyə və digər qaydalara dair biliklər əldə ediblər. Daha sonra uşaqların yol hərəkəti qaydalarına dair biliklərinin formalaşması, zəruri məlumatların qavranılması məqsədilə maarifləndirici lövhələr və rəsm əsərləri nümayiş etdirilib.

Tədbirin davamında məktəblilər yol hərəkəti qaydalarına dair biliklərini nümayiş etdiriblər, müxtəlif mövzularda səhnəciklər və musiqi parçaları ifa ediblər.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində davamlı işlər görülməsinin zəruriliyini qeyd ediblər.

Bildirilib ki, uşaq travmatizminin bir qolu da yol-nəqliyyat hadisələridir. Orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği sağlam gələcəyin formalaşmasına, uşaqların yol-nəqliyyat hadisələrindən qorunmasına xidmət edir.

Tədbirdə qeyd edilib ki, burada iştirak edən hər bir məktəbli bundan sonra yol hərəkəti qaydalarının əsas təbliğatçısı olmalı və avtomobil idarə edərkən qaydaları pozan sürücu görəndə ona öz iradını bildirməlidir.

Sonda bir qrup məktəbliyə həvəsləndirici mükafatlar təqdim edilib və şagirdlərə yol patrul xidməti avtomobilləri ilə tanış olmaq üçün şərait yaradılıb.

Xəbər lenti