Logo

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub - FOTO

02.12.2023 13:05 113 baxış
IMG

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Marneuli bələdiyyəsinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin nümayəndələri, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından ziyalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Azərbaycan Evinin direktoru Məhəbbət İmanov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Gürcüstanın paytaxtında və bölgələrində silsilə tədbirlərin keçirilməsi dahi şəxsiyyətə olan hörmətin, ehtiramın və sevginin bariz nümunəsidir.

Sonra AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, Azərbaycanın Gürcüstandakı səfiriliyinin məsul əməkdaşı Ramel Lətifov, Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze, Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov, Marneuli Sakrebulunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları çıxış ediblər.

Natiqlər ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb, onun haqqında xatirələrini bölüşüblər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində gerçəkləşdirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin Azərbaycan və gürcü xalqlarının rifahının yüksəlməsində mühüm rol oynadığı, Prezident İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla davam etdirildiyi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Gürcü xalqının Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yanaşdığı vurğulanıb.

Tədbir çərçivəsində təşkil olunmuş fotosərgidə Heydər Əliyevin həyat və fəaliyyətini, dünya liderləri ilə görüşlərini əks etdirən şəkillər nümayiş etdirilib, ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib.

Xəbər lenti