Dekabrın 1-də Bakı Slavyan Universitetində (BSU) “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda master klass keçirilib.
Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.
Master klass Sosial elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən Jurnalistika kafedrasının təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq, Mətbuat Şurasının sədri Rəşad Məcidi BSU-da görməkdən məmnunluq duyduğunu bildirib. Rektor iki gün öncə Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsində qalib gələn BSU tələbələrini təbrik edib. Tələbələrin əldə etdiyi bu uğurlu nəticənin həm də onların müəllimlərinin uğuru kimi qiymətləndirib. Anar Nağıyev Mətbuat Şurasının sədri Rəşad Məcidin təkcə Azərbaycan mətbuatındakı fəaliyyəti ilə deyil, müasir dövr Azərbaycan ictimaiyyətində öz geniş ictimai fəaliyyəti ilə hər zaman öndə olduğunu deyib. “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən geniş söz açan rektor bu görüşün tədbir iştirakçıları üçün faydalı olacağına əminliyini ifadə edib.
Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə Rəşad Məcidin müstəqillik dövrü mətbuatı və Azərbaycan ədəbiyyatı əsas nümayəndələrindən biri olduğunu vurğulayıb. O, bu görüşün gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən tələbələr üçün maraqlı və faydalı olacağını bildirib.
Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid BSU-da olmaqdan məmnunluğunu ifadə edərək, dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib. O, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş əhəmiyyətli silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edən Rəşad Məcid 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfərin məhz Ümummilli liderin uğurlu siyasətinin davamlı nəticəsi olduğunu vurğulayıb. O, Ulu Öndərin Azərbaycan mətbuatına verdiyi dəyərdən geniş söz açaraq, mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb. Ulu öndərin media nümayəndələrinə xüsusi qayğısından bəhs edən Rəşad Məcid onunla bağlı görüşləridən danışıb, şəxsi xatirələrini bölüşüb.
Sonra BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov çıxış edərək "525-ci qəzet”in Azərbaycan mətbuatındakı xüsusi rolundan söz açıb, bu qəzetin təcrübəsinin öyrənilməsinin vacibliyinə toxunub.
Psixologiya və pedaqogika kafedrasının müdiri Piralı Əliyev Mətbuat Şurasında aparılan böyük islahatlara görə Rəşad Məcidə təşəkkür edib.
Tədbir tələbələrin suallarının cavablandırlması ilə davam edib.