Elm və Təhsil nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova və sədr müavini, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin kiçik elmi işçisi Samirə Rəhimli Qazaxıstanın Almatı şəhərində ezamiyyətdə olublar.
Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, səfərin məqsədi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Qazaxıstan astronomları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi fəaliyyət, kadr hazırlığı və təcrübə mübadiləsini özündə ehtiva edir.
Ezamiyyət dövründə Rəsədxana əməkdaşları Əl-Farabi Qazax Milli Universitetinin “Fizika və Texnologiya” fakültəsi tərəfindən 20 noyabr - 3 dekabr 2023-cü il tarixlərində keçirilən “Astronomik müşahidə materiallarının IRAF vasitəsilə emalı və analizi” adlı qış məktəbində iştirak ediblər. Qış məktəbi çərçivəsində onlar universitetdə tətbiq edilən astronomik materialların müasir üsullarla emalı metodikaları və analiz üsullarının öyrədilməsi məqsədilə kurslara cəlb olunublar.
“Fizika və Texnologiya” fakültəsinin daxili seminarında Aynurə Həsənova “HD208501(B8Ib) ifratnəhəng ulduzu atmosferində qeyri-stasionar proseslər”, Samirə Rəhimli isə “NGC3516 Seyferd qalaktikasının fotometrik tədqiqi” mövzusu üzrə məruzə ilə çıxış ediblər. Çıxışların yekununda mövzular ətrafında geniş diskussiya aparılıb, iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, elmi ezamiyyət müddətində ŞAR əməkdaşları Qazaxıstanın V.Q.Fesenkov adına Astrofizika İnsitutuna və Tien Şan Astronomiya Rəsədxanasına da səfər ediblər.