Logo

Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib - FOTO

04.12.2023 16:26 166 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi-Texniki Şuranın iclası keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, iclasda RSXM rəhbərliyi, Elmi-Texniki Şuranın üzvləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Mərkəzin respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən seysmik stansiyalarının rəhbərləri və əməkdaşları iclasa Zoom platforması üzərindən qoşulublar. Tədbirdə RSXM-nin müvafiq şöbələrinin 2023-cü ildə aparılmış elmi, elmi-istehsalat işlərinin nəticələrinə dair məruzələri təqdim olunub. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyi elan edib.

Daha sonra Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında”, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında geodinamikası”, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Makroseysmik və episentral tədqiqatlar, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova 2023-cü ildə aparılmış mühəndisi-seysmoloji tədqiqatlar, Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev Maqnitometrik tədqiqatlar, Qravimetriya şöbəsinin müdiri Elçin Bağırov Qravimetrik tədqiqatlar, Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin baş elmi işçisi Aybəniz Kərəmova Kompleks geokimyəvi tədqiqatlar, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov beynəlxalq əlaqələr sahəsində görülmüş işlər, Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı elektron xidmətlər, media ilə əməkdaşlıq, eləcə də mərkəzin sənədlərlə iş sahəsində görülən işlər haqqında danışıb.

İclasda, həmçinin Tədris şöbəsinin müdiri Gülnarə Alxanova gənc kadrların peşəkarlıq səviyyəsinin artırılması üçün mərkəzdə keçirilən ixtisas və xarici dil kursları, xarici ölkələrdəki universitetlərdə təhsil alan mərkəz əməkdaşları haqqında məlumat verib. Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə isə Şuranın il ərzində gördüyü işlər haqqında məlumat verib.

Tədbirdə Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev tərəfindən 2023-cü ildə AMEA nəzdində RSXM-də aparılmış elmi və elmi-təşkilati fəaliyyət sahəsində əldə olunmuş mühüm nəticələri təqdim olunub (müəlliflər: AMEA-nın müxbir üzvü, professor Q.C.Yetirmişli, g-m.ü.f.d., dosent E.S.Qaravəliyev, N.B.Xanbabayev, E.M.Bağırov, T.İ.Cəfərov).

Sonda Elmi-Texniki Şuranın üzvlərinin siyahısında qismən dəyişiklik olunub. RSXM-nin baş direktorunun İnnovativ layihələr üzrə müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika elmlər doktoru, professor Qalib Əfəndiyev və BDU-nun Seysmologiya və Yer Təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov RSXM-nin Elmi-Texniki Şurasına üzv seçiliblər.

Xəbər lenti