Logo

Dual peşə təhsili proqramı çərçivəsində tələbələrin praktiki məşğələlərinə start verilib - FOTO

04.12.2023 18:21 282 baxış
IMG

Dual peşə təhsili proqramına uyğun olaraq tələbələr peşə təhsili müəssisəsində həftədə iki gün nəzəri biliklərə, üç gün isə işəgötürən şirkətlərin mütəxəssisləri ilə birgə iş yerində praktiki bacarıqlara yiyələnir, oxuduqları ixtisas üzrə biliklərini iş prosesində inkişaf etdirirlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, 2023/2024-cü tədris ili üzrə dual təhsil proqramı 20 peşə məktəbində 48 qrupu əhatə edir. Proqramda ümumi olaraq 800-dən çox tələbə təhsil alır. On iki şəhər və rayonu (Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Lənkəran, Şəki, İsmayıllı, Cəlilabad, Neftçala, Qax, Kürdəmir, Göygöl) əhatə edən proqrama 100 işəgötürən tərəfdaş şirkət dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı, İKT kimi müxtəlif sahələri əhatə edən proqram 22 ixtisasda tətbiq olunur.

Tədris ilinin başlanğıcında tələbələr 5 həftə ərzində təhsil mərkəzində ilkin baza biliklərinə yiyələniblər. 2024-cü ilin aprel ayından başlayaraq praktiki məşğələlərin sayı 5 gün olmaqla davam etdiriləcək. Birillik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də qabaqcıl işəgötürən müəssisələrdə təcrübə qazanacaqlar. Tədris ilinin sonunda uğurlu nəticə göstərən tələbələrin işlə təmin olunması da nəzərdə tutulub.

Dual təhsil sistemi tələbənin tədris ili boyunca peşə məktəbində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır. Proqramın tətbiqində və genişləndirilməsində əsas məqsəd tərəfdaş nümayəndələrlə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

Xəbər lenti