Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin Kitabxana və Arxiv Xidmətləri İdarəsinin müdiri Arif Şayık Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri üçün “Türkiyədə kitabxana və arxiv xidmətləri” mövzusunda ustad dərsi keçib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
A.Şayık “Heydər Əliyev İli”ndə Ulu Öndərin məzunu olduğu, ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi BDU-da olmağından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Arif Şayık bildirib ki, qardaş ölkələrimizin kitabxanaları dövlətlərimiz arasında ədəbi-mədəni və elmi əlaqələrin formalaşmasında, türk xalqlarının milli irsinin mühafizəsində müstəsna rola malikdirlər: “Kitab və kitabxana mədəniyyəti sahəsində dünya mədəni irsinə mühüm töhfələr vermiş türk xalqları bu gün də həmin missiyanı uğurla davam etdirirlər. Kitabxanalarımız bu prosesin önündə gedirlər”.
Ustad dərsində Türkiyədə ilk kitabxanaların yaranma tarixinə nəzər salınıb, Səlcuklar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanalarından bəhs olunub. Vurğulanıb ki, bu sahə Cümhuriyyət dövründə xüsusilə inkişaf edib. Mustafa Kamal Atatürk tərəfindən xaricdə təhsil almağa göndərilən ilk tələbələr arasında kitabxanaçılıq təhsili alanların da olduğu diqqətə çatdırılıb. Xaricdə təhsil alan ilk mütəxəssislərdən Nabil Buharioğlunun Türkiyə Böyük Millət Məclisinin Kitabxanasını qurduğu qeyd olunub.
Ustad dərsində elektron kitabxana, elektron kataloqlaşdırma kimi mühüm istiqamətlərdən də bəhs olunub, müasir dövrdə rəqəmsal kitabxana xidmətlərinin dövrün tələbi kimi qarşıya çıxdığı vurğulanıb.
Türkiyədə arxiv işinin tarixi barədə məlumat verən A.Şayık bildirib ki, Osmanlı dövründə ölkə idarəçiliyində arxivlərin əhəmiyyətinə xüsusi fikir verilib, bu iş dövlət səviyyəsində təşkil olunub. Dövlət sənədlərinin qeydiyyatı və arxivləşdirilməsi xüsusi önəm daşıyıb. Ona görə də Osmanlı dövründən başlayaraq formalaşmış arxivlər dünyanın ən zəngin arxivlərindən hesab olunur.
A.Şayık rəhbərlik etdiyi Kitabxana və Arxiv Xidmətləri İdarəsinin fəaliyyəti barədə də məlumat verib. O, Türkiyə Böyük Millət Məclisində kitabxana və arxiv xidmətlərinin tarixi, inkişaf dövrləri, müasir vəziyyəti, perspektivləri və hədəfləri barədə dinləyicilərdə geniş təəssürat yaradıb. Böyük Millət Məclisinin Kitabxanasının millət vəkillərinə göstərdiyi informasiya xidmətlərinin spesifik xüsusiyyətlərindən bəhs edib, həmçinin rəhbərlik etdiyi qurumun arxiv fondlarında Türkiyə Cümhuriyyətinin, eləcə də Böyük Millət Məclisinin tarixi inkişafını və bu gününü əhatə edən mühüm sənədlərin mühafizə edildiyini bildirib.
Sonra tələbələrin sualları cavablandırılıb.