Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun Psixologiya kafedrasının müəllimi Nigar Nəsirova narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini iştirakçıların diqqətinə çatdırıb.
Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova qeyd edib ki, narkotik vasitələr tez bir zamanda asılılıq yaradan bitki və ya sintetik mənşəli toksik maddə olduğundan insanın bütün orqanizminə, davranışına, düşüncə səviyyəsinə təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri, həyat tərzi dəyişir və əvvəlki sağlam vərdişlər itirilir. Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Bu cür insanlarda İİV, sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur. Yeniyetmə və gənclər arasında narkomaniyanın inkişaf tendensiyasına da toxunan F.Baxışova bunu maarifləndirmənin yetərli qədər olmaması ilə əlaqələndirib.
Mexanika-riyaziyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Murad Muradov və III kurs tələbəsi Nuray Cəfərova cəmiyyətin bəlasına çevrilmiş “ağ ölüm”ə qarşı mübarizədə gənclərin rolundan danışıblar.
Sonra psixoloq Nigar Nəsirova iştirakçılar üçün proyektiv metodika keçirib.