Logo

Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə konfrans keçirilib - FOTO

05.12.2023 13:27 109 baxış
IMG

Tarix İnstitutunda Şuşa şəhərinin Türk dünyasının mədəniyyət mərkəzi elan olunması münasibətilə tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev konfransın mahiyyətindən danışaraq bildirib ki, Azərbaycanın tarixi-mədəni həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Qarabağımızı, o cümlədən Şuşanı düşmən işğalından azad edib.

Sonra institutun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, t.e.d., professor Tofiq Mustafazadə “Üçtərəfli Bəyanatdan Şuşa Bəyannaməsinə: Cənubi Qafqazda yeni geosiyasi durumun formalaşmasında mühüm mərhələ” adlı məruzə ilə çıxış edib. Alim bildirib ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. Bəyannamənin ən önəmli müddəası iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə onların bir-birinə yardım etməsi haqqında müddəadır. Bəyannamədə açıq və qəti şəkildə deyilir: Tərəflərdən hər hansısa birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlağına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatının keçirilməsi Cənubi Qafqaz regionunda yeni geosiyasi durumun formalaşdırılması yolunda yeni mühüm addım oldu. Bunun sayəsində Üçtərəfli Bəyanatın azərbaycanlı qaçqınların Xankəndiyə və bölgənin digər yerlərinə qayıtmaları üçün imkan yarandı.

Konfransda Azərbaycanın qədim dövr tarixi şöbəsinin “Hərb tarixi” qrupunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Nərminə Əmirbəyova “Şuşanın Türk dünyasının hərb tarixində yeri”, Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin müdiri, t.e.d., dosent Kamran İsmayılov “Şuşa şəhəri Azərbaycan Xalq Cümhuriyyəti dövründə”, Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri, t.ü.f.d., dosent Hacı Həsənov “XIX-XX əsrin əvvəllərində Şuşanın beynəlxalq iqtisadi əlaqələri”, Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Raisa Cəfərova “Böyük “terror” illərində repressiyaya məruz qalmış şuşalı qadınlar”, Azərbaycanın müstəqillik dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Nigar Axundova “Şuşanın qədim tarixi abidələrinin Azərbaycan memarlıq üslubuna uyğun bərpası”, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin Azərbaycan Diaspora tarixi elmi qrupunun qrupunun rəhbəri t.ü.f.d., dosent Mahir İbrahimov “Zəfər yolu: Qarabağ savaşından 10 noyabr bəyanatıadək”, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin elmi işçisi Yaqut Əmirova “2021-ci il 15 iyun Şuşa Bəyannaməsi” adlı məruzələrlə çıxış ediblər.

Xəbər lenti