Logo

“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu elan edilir

05.12.2023 15:25 140 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu elan edir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, jurnalda məqalələrinin dərc olunmasını arzulayan müəlliflər dekabrın 15-dək müraciət edə bilərlər.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən din tarixi, fəlsəfəsi, din sosiologiyası, din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk, ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.

Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir.

“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Gələcəkdə həmin jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında indekslənməsi nəzərdə tutulur. Bu məqsədlə “Din araşdırmaları” jurnalının rəsmi internet saytı fəaliyyətə başlayıb. Alimlər bundan sonra məqalələrini rəsmi internet saytı vasitəsilə göndərəcək və araşdırmalarının statuslarını saytda yaratdıqları profil vasitəsilə izləyə biləcəklər.

“Din araşdırmaları” jurnalının növbəti nömrəsində məqalə dərc etdirmək istəyənlər https://journal.ait.edu.az/ saytında qeydiyyatdan keçərək yazılarını göndərə bilərlər.

Xəbər lenti