Logo

“Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə Mentorluq proqramı çərçivəsində görüşüb - FOTO

05.12.2023 18:53 130 baxış
IMG

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib.

Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, birinci “Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadə proqrama qəbul olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Cəmilə Qurbanova və Nərgiz Quluzadə ilə tanışlıq görüşü keçirib. Mentor Leyla Xəlilova-Rzazadə tələbələrlə birlikdə ölkədə təhsil sisteminin inkişafında əldə edilmiş nailiyyətlər, təhsil sahəsində gender üzrə sistemlərin inkişafı mövzusunda danışıqlar aparıb. Ölkəmizdə təhsil sistemində görülən islahatlar, orta məktəb proqramında təlim keyfiyyətinin yaxşılaşdırılması və təhsil metodikaları ilə bağlı müzakirələr edilib. O, Mentorluq proqramı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Xəbər lenti