Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası tərəfindən Təhsil-2 və Tərcümə fakültələrinin III və IV kurs tələbələri arasında müasir Azərbaycanın memarı, Ümmummilli lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” adlı inşa yarışması keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, Ulu öndərin müstəqil Azərbaycanın tanınması, inkişafı, xalqımızın tarixi təkamülündən ən əsas amalı olan dövlətçilik ənənələri ilə yanaşı milli-mənəvi irsin qorunması, elm və mədəniyyətin daha yüksək səviyyələrə qaldırılması, milli dil siyasəti və digər fəaliyyətləri, Azərbaycan üçün etdiyi fədakarlıqları inkişaf edən müasir nəslə öyrətmək təhsilimizdə vətənpərvərlik ruhunun ayrıca bir qolunu təşkil etməlidir. Məhz bu məqsədi əsas götürən Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası tələbələrin öyrəndikləri xarici dildə (fransız dili) Heydər Əliyev şəxsiyyətini təqdim edə bilmək bacarıqlarını yoxlayan inşa yarışması ilə görkəmli şəxsiyyət haqqında daha özünəməxsus fikri, ideyanı çatdıra bilən iştirakçıları seçməyi planlamışdı. Yarışmaya çox sayda inşalar təqdim edilməsinə baxmayaraq, yalnız bir tələbə inşa yarışmasının qalibi olub.
Məzmunca informasiya yükü daha çox olan və xronoloji ardıcıllıqla ulu öndərin bioqrafiyasından və gördüyü işlərdən bəhs edən inşalar arasından yeni yanaşmanın, şəxsi fikirlərin yer aldığı inşa olaraq Nərgiz Əliyevanın inşası II yerə layiq görülüb.
Qeyd edilib ki, sözügedən yarışma kafedranın H. Əliyevin 100 illik yubileyinə həsr edilmiş sonuncu tədbiri deyil və hazırda planlaşdırılan növbəti tədbirə hazırlıqlar başlayıb.