Logo

Paytaxt məktəbliləri “Ədibin evi”ndə qonaq olublar

06.12.2023 11:14 211 baxış
IMG

Bakı məktəbliləri “Ədibin evi”ni ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəblilər görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlalın ev-muzeyində Azərbaycan ədəbiyyatında qadın obrazı və kişilərin qadınlara nümunəvi davranışları barədə müzakirə aparıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə keçirilən görüş BMT tərəfindən elan edilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində təşkil olunub.

Məktəblilərlə müzakirə zamanı “Ədibin evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva şagirdlərə fəallıq kampaniyası haqqında ətraflı məlumat verib. Gender məsələləri barədə danışan Ş.Mehrəliyeva ölkəmizdə bu sahədə bərabərliyin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, tarix boyu Azərbaycan ədəbiyyatı “Kitabi-Dədə Qorqud” boylarından başlayaraq qadınlarla necə davranıldığını bizə öyrədib. Bütün dövrlərdə qadınların fikirlərinə və seçimlərinə hörmətlə yanaşılıb.

Ş.Mehrəliyeva vurğulayıb ki, qadınlara hörmət, ailədə sevgi və mehribanlıq Mir Cəlalın da əsərlərində daim tərənnüm edilib. Bu mənada ədib bədii-ədəbi xəzinəmizdən daim ilhamlanıb. Təsadüfi deyil ki, onun 1941-ci ildə dahi Nizaminin yubileyi ərəfəsində uşaqlar üçün nəsrə çevirdiyi “Xəmsə”nin bəzi hissələri arasında “Fitnə” də yer alıb.

Görüş zamanı məktəblilər Mir Cəlalın “Fitnə”sini birgə oxuyub, daha sonra isə “XXI əsrin Fitnəsi necə olardı?” interaktiv tapşırığı yerinə yetiriblər.

Tapşırığı ən yaradıcı şəkildə təqdim edən qaliblər “Ədibin evi”ndən hədiyyələr qazanıblar. Həmçinin bütün iştirakçılara “Ədibin evi”nin təşəbbüsü ilə nəşr edilən Nizaminin “Xəmsə”sində yer alan hekayələrdən ibarət “İki rəssam” kitabı təqdim edilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Ədibin evi” tərəfindən məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanış olması istiqamətində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti