Logo

“Şagirdlərin koronavirusa yoluxması proqnozlaşdırılan vəziyyətdir” - RƏY

22.09.2020 16:45 593 baxış

Koronavirusa yoluxan şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər.

Bunu Oxu.Az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

O bildirib ki, açıqlanan statistika valideynləri narahat etsə də, nazirliyin açıqlamasına görə, yoluxmaların əksəriyyəti məktəb xaricində olub:

“Qeydə alınan fakt iki nüansına görə dəyərləndirilməlidir. Birinci, yoluxmalarda məktəbdə bəzi günlərdə dərslərin əyani olmasının təsiri hələlik risk təşkil etmir. Bəzi yoluxma olan təhsil müəsisələrini lokal qəbul edərək, tədris prosesinin ancaq orada dayandırılması riski azaldır. İkinci nüans odur ki, tədris müəsisələrində karantin qaydalarına və sanitar-gigiyenik şəraitə diqqət artırılmalıdır.

Pandemiya təhlükəsi qalmaqdadır, xırda səhlənkarlıq və diqqətsizlik böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də bir neçə ay həm təhsilverənlər, həm də təhsilalanlar diqqətli və intizamlı olmalıdırlar.

Eyni zamanda, qarşıdakı aylarda, xüsusilə havaların soyumasına görə qrip infeksiyasının da təhsilalanlar üçün risk olacağından tədris müəsisələrində qaydalara ciddi əməl edilməli, hərarəti və simptomları olanlar prosesdən təcili uzaqlaşdırılmalıdırlar”.

“Kiçik yaşda uşaqların sinif və tənəffüsdə yaxın təmasına nəzarət çətin olsa da, bu, mümkündür. Burada məktəbdə yük müəllimə, evdə valideynə düşür. Ama qeyd etdiyim kimi, hələlik ciddi narahatlığa dəyməz. Proses nəzarət altındadır və bu statistika proqnozlaşdırılan vəziyyətdir. Çalışıb mövcud statistikanı qorumaq lazımdır”, - deyə ekspert bildirib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada keçirilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə iki dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə üç dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil olunur.

Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb.

Xəbər lenti