Dekabrın 5-də yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turnirinin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, tərəfdaş qurumların rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca açılış mərasimi bədii hissə ilə davam etdirilib.
Tədbirdə müxtəlif çəki dərəcələri üzrə final yarışları keçirilib və qaliblər mükafatlandırılıblar.
7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə beynəlxalq "Təhsil" turniri Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir.
Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır.
Turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsindən ibarətdir.