Bakı Ali Neft Məktəbinin Hazırlıq ili tələbələri arasında ali məktəbin yaradılmasının 12-ci ilinə həsr olunmuş futzal çempionatının açılışı keçirilib.
BANM-dən "Tehsil.biz"ə verilən məlumata görə, çempionatda I kurs tələbələrindən ibarət 16 komanda iştirak edir.
Açılış mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələrə uğurlar arzulayaraq I kurs tələbələrinin bu çempionata maraq göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Rektor 3 ay ərzində davam edəcək bu çempionatın Ali Məktəbə yenicə qədəm qoymuş tələbələrin komanda ruhunun formalaşmasında böyük rolu olacağını qeyd edib.
Sonra oyunlara başlanılıb. Açılış oyununu Bakı Ali Neft Məktəbində qonaq olan SOCAR və TPAO nümayəndələri də izləyiblər. İlk oyun “Yarasa” və “Qartallar” komandaları arasında baş tutub və “Qartallar” komandası 2:0 hesabı ilə qalib gəlib.